"Heydər Əliyev Azərbaycan xalqının həyatının hər günündə var" - Cavanşir Feyziyev yazır

Bu gün Heydər Əliyevin 100 illik yubileyidir. Amma bu gün nə bu ilin, nə də keçən ilin digər günlərindən heç nə ilə fərqlənmir. Çünki Heydər Əliyev Azərbaycan xalqının həyatının hər günündə var.

Ad gününün və ya anım gününün nə vaxt olmasından asılı olmayaraq o həmişə xoş xatirələrlə anılır və xatirəsi daim ehtiramla yad olunur. Heydər Əliyev şəxsiyyətinə belə birmənalı münasibət Azərbaycan xalqının milli şüurunun ümumxalq səviyyədə minnətdarlıq hisslərini nümayiş etdirə bilməyə qədər formalaşdığını göstərir. Bu cəmiyyətdə ictimai şüur yetkinliyinin göstəricisidir.

Yaxşı xatırlayıram ki, Heydər Əliyev Moskvadakı bütün vəzifələrindən istefa verdikdən sonra Sovet Kommunist Partiyasının mərkəzi mətbuat orqanı olan “Kommunist” qəzetində onun əleyhinə tənqidi məqalə yazılmışdı. Qəzetin bütöv səhifəsini tutan həmin məqalədə M. Qorbaçovun təbliğatçıları Heydər Əliyevi L. Brejnevlə yaxın münasibətlər qurmaqda və nəticədə mərkəzi hökümətin büdcəsindən Azərbaycanın xeyrinə nəzərdə tutulduğundan daha çox büdcə ayrılmasına nail olmaqda ittiham edirdilər. Brejnevin Heydər Əliyevə həddindən artıq loyal münasibəti nəticəsində SSRİ-nin digər respublikalarında və xüsucilə Rusiyada tikilməsi nəzərdə tutulan sənaye müəssisələrinin Azərbaycanda tikilməsini irad tutur və faktiki olaraq H. Əliyevi öz vəzifə imkanlarından istifadə edərək Azərbaycana xidmət etməkdə ittiham edirdilər. Məqalə başdan ayağa kəskin tənqid üzərində qurulsa da onu oxuyanda çox sevinmişdim. Heydər Əliyevin Azərbaycanda və mərkəzi hökümətdə çalışdığı zaman etdiklərindən qürur duymuşdum. Axı, o ciddi tənqidə məruz qalmasına səbəb olan bu işləri doğma Azərbaycanı üçün etmişdi. Brejnevə yaxın münasibətlərindən və ya hər hansı digər əlaqələrindən istifadə etməklə Azərbaycan xalqı üçün daha çox fayda əldə etmişdi və sonda xalq olaraq biz hamımız bundan bəhrələnmişdik.

Cəmi bir gün sonra Moskva “Kommunist”inin məqaləsi dilimizə tərcümə olunaraq Azərbaycanda nəşr olunan “Kommunist” qəzetində dərc olundu. Hələ də Moskvanın “molodes”-ni qazanmağa cəhd edən Azərbaycanın o zamankı kommunist rəhbərləri bu məqalədən istifadə edərək Heydər Əliyevin xalq arasında nüfuzunu azaltmağa cəhd göstərirdilər. O zaman xalqın və xüsusən də xalqa rəhbərlik edənlərin nankorluğuna və milli şüurdan məhrum olduğuna çox acımışdım. Daha sonralar Heydər Əliyevin Azərbaycana gəlişi ərəfəsində hökümət dairələrində onun cəmiyyətlə təmasını məhdudlaşdırmaq cəhdləri də acı təəssüf doğururdu.

Lakin bütün bunlar əbəs idi. Onlar anlamırdılar ki, hər gün sübh tezdən açılan günəşin qabağını heç bir bəndə heç nə ilə ala bilməz. Bütün maneələrə baxmayaraq Heydər Əliyev qayıtdı. Ömrü boyu xidmət etdiyi, xoşbəxt gələcəyi üçün çalışdığı və etibarına inandığı xalqının yanına qayıtdı. Moskvanın əlaltıları isə nə qədər çalışsalar da bu möhtəşəm qayıdışın qarşısını ala bilmədilər.

Lakin Heydər Əliyev şəxsiyyəti ilə bağlı Azərbaycan xalqına xəyanət sonrakı illərdə də davam etdi. Müstəqilliyimizin bərpa olunmasından sonra özünü xalqa demokrat cildində sırımış və hakimiyyətə yiyələnmiş psevdo-siyasətçilərin də Heydər Əliyev şəxsiyyəti qarşısında acizliyi məhz onu təcrid etmək cəhdlərində aydın görünürdü. Lakin xalqın Heydər Əliyevə etimadı və inamı onların da cəhdlərini iflasa uğratdı. Xalq onun üçün canından keçməyə belə hazır olan öz fədakar oğlunu məhəbbətlə qarşıladı, qorudu və doğma yurdu Naxşıvanda öz rəhbəri seçdi. Az sonra xalqın və dövlətin üzləşdiyi həlli görünməyən və mümkün hesab edilməyən tale yükü problemləri həll etmək üçün o yenidən paytaxt Bakıda siyasi Olimpin zirvəsinə ucalacaqdı.

Bu günümüzdən o illərə baxanda düşünürsən ki, Azərbaycan xalqının milli şüurunun yetişməsi üçün bəlkə bu çətinliklərdən keçmək lazım imiş. Hə qədər ağrılı olsa da, təcavüzə məruz qalmağın və işğalın acılarını yaşamaq lazım imiş. Həyatını öz millətinə xidmətə həsr etmiş bir şəxsiyyətə milli düşüncə bucağından baxıb onu layiqincə dəyərləndirmək üçün bütün bu məhrumiyyətlərdən keçib nəhayət belə bir fenomenə yekdil milli yanaşma formalaşmalı imiş. Bu gün Heydər Əliyev məhz belə bir nadir şəxsiyyət kimi qavranılır. O müdhiş illərdəki aldanışlarımız, yaşadıqlarımız və dözdüklərimiz nəhayət bizim yetkin və yekdil bir xalq kimi formalaşmağımızla nəticələndi. Heydər Əliyev şəxsiyyəti ətrfında gedən mübarizə haqqın qələbəsi və Azərbaycan xalqının öz haqqına nail olması ilə nəticələndi. Bu gün Azərbaycanın qazandığı hər bir uğurda Heydər Əliyevin adı və payı var. Onun gərgin əməyi, mahir siyasəti, düşünülmüş strategiyaları əsasında Azərbaycanın sonrakı inkişafı təmin olundu, dövlət müstəqilliyi möhkəmləndirildi və torpaqlarımız işğaldan azad olundu. H. Əliyev siyasətinin nəticəsi olaraq “Azərbaycan dünyaya yenidən Günəş kimi doğdu”. Bu günəşin işığına bütün xalq sığınır. Bu günəş 50 milyonluq Azərbaycan xalqının gələcəyini aydınladır. Ona görə də təkcə bu gün yox, azad, sağlam və firavan yaşadığımız hər günümüz Heydər Əliyev günüdür.


Millət vəkili Cavanşir Feyziyev


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı