Avqustun 12-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikasının xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova ilə gənclərin görüşü təşkil ediləcək.
Metbuat.az xəbər verir ki, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən “MədəniyyətimİZ” layihəsi çərçivəsində baş tutacaq görüşdə qonaqlar Ümummilli Lider Heydər Əliyevlə bağlı ən maraqlı xatirələrini bölüşəcək, muğam sənətinin təbliği və inkişafı istiqamətində gördükləri işlərdən söhbət açacaqlar.
Tədbir müddətində həmçinin “Azərbaycan milli musiqisi, muğam və milli vokal ifaçılığı sənətinin inkişafı perspektivləri”, “Müasir gənclərin maarifləndirilməsində milli musiqi mədəniyyətinin rolu” və “Yaradıcı sənayenin təşkilində klassik ifaçılıq tərzinin əhəmiyyəti” mövzularında panel müzakirələrin keçirilməsi nəzərdə tutulur. Tədbirin bədii hissəsində gənc musiqiçilərin ifasında milli və xarici klassik musiqi əsərləri təqdim ediləcək.
Qeyd edək ki, “MədəniyyətimİZ” layihəsi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbirlər proqramı çərçivəsində həyata keçirilir. Layihənin əsas məqsədi “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin həyat fəaliyyətinin öyrənilməsi, habelə ölkə mədəniyyətinin inkişafı istiqamətində gənclərin iştirakçılığını artırmaqdır.
Görüşdə iştirak etmək istəyən gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://shorturl.at/mpqzU