​“Natiq” Ritm Qrupu ilə gənclərin görüşü keçiriləcək

Avqustun 23-də YARAT Müasir İncəsənət Mərkəzində Azərbaycan Respublikasının xalq artisti Natiq Şirinov və onun rəhbərlik etdiyi “Natiq” Ritm Qrupu ilə gənclərin görüşü təşkil ediləcək.

Metbuat.az xəbər verir ki, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən “MədəniyyətimİZ” layihəsi çərçivəsində baş tutacaq görüşdə xalq artisti Natiq Şirinov milli ritmlər mövzusunda çıxış edərək, “Natiq” Ritm Qrupunun milli musiqi mədəniyyətimizin təbliği istiqamətində gördüyü işlərdən söhbət açacaq.

Tədbir müddətində həmçinin “Azərbaycan peşəkar musiqi mədəniyyətinin dünya ictimaiyyətinə tanıdılması amilləri”, “Müasir gənclik: Milli-mənəvi və tarixi dəyərlərimiz” və “Milli ritm sənəti: dünənimiz, bu günümüz, sabahımız” mövzularında panel müzakirələrin keçirilməsi nəzərdə tutulur. Tədbirin bədii hissəsində “Natiq” Ritm Qrupunun ifasında müxtəlif kompozisiya və eksperimental ritmik musiqi nümunələri təqdim ediləcək.

Qeyd edək ki, “MədəniyyətimİZ” layihəsi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbirlər proqramı çərçivəsində həyata keçirilir. Layihənin əsas məqsədi “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin həyat fəaliyyətinin öyrənilməsi, habelə ölkə mədəniyyətinin inkişafı istiqamətində gənclərin iştirakçılığını artırmaqdır.

Görüşdə iştirak etmək istəyən gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://shorturl.at/czJT6


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR