Şeyx G20 Dinlərarası Forumun ön konfransında iştirak edib

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Ekumenik Patriarxatın və BƏƏ paytaxtı Abu Dabidə yerləşən Təhlükəsiz Toplumlar üçün Dinlərarası Alyans birgə təşkilatçılığı ilə İstanbulda təşkil edilən "Praktiki əməkdaşlıq: Tək Dünya, Tək Ailə, Tək Gələcəyə Doğru" konfransında iştirak edib.

Metbuat.az xəbər verir ki, bu barədə QMİ-dən məlumat verilib.

Konfransda iqlim dəyişikliyi, ksenofobiya, terrorizm, nifrət çağırışları kimi müasir dünyanı təhdid edən hallar, qaçqın və köçkünlərin, eləcə də qadınların və uşaqların hüquqlarının qorunması məsələləri müzakirə olunub.

Xristian-müsəlman akademik dialoqu çərçivəsində təşkil edilən konfransın açılışında Ekumenik Patriarx Varfolomey çıxış edib.

Daha sonra söz Şeyxülislam Allahşükür Paşazadəyə verilib. Tədbir iştirakçıları salamlayan QMİ sədri ümumi evimiz olan Yer kürəsində qlobal ekoloji və iqtisadi problemlərin, beynəlxalq sabitlik və təhlükəsizliyə ideoloji və praktiki maneələrin artdığı müasir dövrdə siyasi, ictimai və dini liderlərin birgə səylərinin və dinlərarası dialoqun olduqca vacib olduğunu vurğulayıb. O, dünyada beynəlxalq sabitliyə və təhlükəsizliyə böyük təhdid olan ksenofobiya təzahürləri, o cümlədən, islamofobiya, xristianofobiya və antisemitizm hallarına toxunaraq qeyd edib ki, bəzi Avropa ölkələrində dövlət orqanlarının razılığı ilə müsəlmanların müqəddəs kitabı olan Quranın təhqir edilməsi və yandırılması faktları dinləri və cəmiyyətləri nifrətə təhrik edən, qarşıdurmanı alovlandıran mənəvi terrordur.

QMİ sədri tədbir iştirakçılarının nəzərinə çatdırib ki, Azərbaycan xalqı öz Prezidentinin rəhbərliyi ilə beynəlxalq hüquq normalarına, BMT Nizamnaməsinə və onun 4 qətnaməsinə əsaslanaraq dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü bərpa etmişdir. "Biz bu gün işğal dövründə dağıdılmış milli, dini-mənəvi abidələrimizi bərpa edir, işğaldan azad edilmiş torpaqlarımızı minalardan təmizləyərək yenidənqurma işləri aparırıq. Azərbaycan multikultural ənənələrə malik tolerant ölkədir. Azərbaycanda din və məzhəb ayrıseçkiliyinə yol verilmədən bütün dini icmalar bərabər hüquqlarla təmin olunur, dövlətin qayğı və himayəsi ilə öz ibadətlərini icra edir. Bu, bizim dövlətimizin milli siyasəti və dini dəyərlərə olan ehtiramının göstəricisidir."

Konfrans çərçivəsində QMİ sədri Ekumenik Patriarxla ayrıca görüşüb. Tərəflər dinlərarası dialoqun vacibliyini, eləcə də müasir dünyanı təhdid edən problemlərin həllində dini liderlərin artmaqda olan nüfuzunu və rolunu məmnunluqla vurğulayıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı