Mətbuat Şurası “PRESS” gödəkçələrin verilməsini dayandırdı

Mətbuat Şurası (MŞ) “PRESS” gödəkçələrin verilməsini dayandırıb.

Metbuat.az xəbər verir ki, bu barədə MŞ-dan məlumat verilib.

Bildirilib ki, müxtəlif sosial şəbəkə profillərində bəzi şəxslərin Azərbaycan Mətbuat Şurasına məxsus olduğu iddia edilən, üzərində “PRESS” yazılmış və Şuranın loqosunun əksini tapdığı gödəkçələrdə media prinsiplərinə zidd fəaliyyət gerçəkləşdirdiyinə dair fikirlər və görüntülər paylaşılıb. Bununla əlaqədar bildiririk ki, Mətbuat Şurası həmin gödəkçələrin verilməsini dayandırıb.

Qeyd edək ki, gödəkçələr fərdi şəxslərə deyil, möhürlü və imzalı müraciət əsasında redaksiyalara verilirdi. Lakin Şura belə sadə prosedurun media fəaliyyəti həyata keçirdiyini bildirən təsadüfi şəxslərin də gödəkçələri əldə edə bilməsinə yol açdığını müəyyənləşdirdi. Buna görə gödəkçələrin verilməsi dayandırıldı.

Mətbuat Şurası həmçinin “PRESS” gödəkçələrin bənzərlərinin ayrı-ayrı şəxslər tərəfindən fərdi qaydada hazırlandığını da müəyyənləşdirib. Hazırda yayılmış görüntülərdə bu tip şəxslər əks olunub. Şura bildirir ki, gödəkçələr jurnalistlərin kütləvi aksiyalarda, ümumən ekstremal durumlarda peşə borclarını sərbəst yerinə yetirmələri, fərqlənmələri üçündür və heç bir halda media fəaliyyətindən kənar məqsədlər naminə istifadə edilə bilməz. Jurnalist adından sui-istifadə, təmənnalı münasibət və digər xoşagəlməz hallar “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na zidd olmaqla yanaşı, hüquqi məsuliyyət də yaradır. Mətbuat Şurası hər kəsi bunu nəzərə almağa çağırır.

“PRESS” gödəkçələrin yeni variantı və redaksiyalara verilməsi qaydaları hazırlanır. Yaxın vaxtlarda bununla bağlı şərtlərin açıqlanması planlaşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı