Naxçıvanda komanda-qərargah təlimi keçirildi

Əlahiddə Ümumqoşun Orduda qərargahların və şəxsi heyətin döyüş bacarığının təkmilləşdirilməsi məqsədilə komanda-qərargah təlimi keçirilib.

Metbuat.az xəbər verir ki, təlim ssenariyə uyğun olaraq birləşmə, hissə və bölmələrin müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilməsi məqsədilə döyüş təyinatlı rayonlara çıxarılması ilə başlanılıb.
Təlimin növbəti mərhələsi idarəetmə məntəqlərinin açılması, qərargahlar tərəfindən əməliyyatların planlaşdırılması, qərarların qəbul olunması üçün zəruri hesabatların aparılması, bölmələr arasında qarşılıqlı əlaqənin saxlanılması və hərtərəfli təminatın təşkili üzrə tədbirlərin yerinə yetirilməsi ilə davam etdirilib.
Praktiki fəaliyyətlərə cəlb olunan birləşmə, hissə və bölmələrin tapşırıqları dəqiqləşdirilib, döyüş fəaliyyətlərinin gedişində artilleriya və hava hücumundan müdafiə bölmələrinin ümumqoşun birləşmələri ilə qarşılıqlı fəaliyyəti ərazidə məşq etdirilib.
Taktiki fəaliyyətlərin praktiki icra mərhələsində artilleriya bölmələri düşmənin ön xətt və dərinlikdə yerləşən mövqelərinə praktiki atışları icra edib.
Artilleriyanın döyüş atışlarından sonra xüsusi təyinatlı qruplara düşmənin müdafiəsinin ön xəttində yerləşən döyüş mövqelərinə və vacib obyektlərə basqın tapşırığı verilib. Xüsusi təyinatlılarımız pilotsuz uçuş aparatları ilə mövqelərə zərbələr endirdikdən sonra basqın fəaliyyətinə başlayıb.
Mövqelərə hücum zamanı müdafiədə olan bölmələrini gücləndirmək və irəliləyən bölmələrimizin hücumlarını dayandırmaq üçün hərəkətdə olan şərti düşmənin mexanikləşdirilmiş bölməsi xüsusi təyinatlı qruplar tərəfindən pusquya salınaraq məhv edilib.
Mürəkkəb və çətin dağlıq relyefdə yerləşən düşmən mövqelərinə hücum edən xüsusi təyinatlılar sızma və dağdan enmə faəliyyətlərini icra edərək mövqeləri ələ keçirib və düşmənin canlı qüvvəsini məhv ediblər.
Komanda-qərargah təliminin sonuncu mərhələsində qəbul edilmiş qərarların və aparılmış hesabatların reallığı Simulyasiya Mərkəzində kompüterlər üzərində yoxlanılıb.
Təlimin sonunda icra edilmiş fəaliyyətlərin təhlili aparılıb. Yekunda bildirilib ki, “Əlahiddə Ümumqoşun Ordunun 2023-cü tədris ilinə hazırlıq planı”na əsasən keçirilən komanda-qərargah təlimində qarşıya qoyulmuş tapşırıqlar tam həcmdə yerinə yetirilib, komandir və qərargahların döyüşü idarəetmə vərdişlərinin daha da təkmilləşdirilməsi istiqamətində böyük təcrübə qazanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı