Qəzza diplomatiyası: Ankara Qərbin planlarını puç edəcək - TƏHLİL

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 7-də Yunanıstana işgüzar səfər edəcək. Türkiyə diplomatik mənbələrinin məlumatına görə,Ərdoğanın Yunanıstana səfəri çərçivəsində iki ölkə arasında 20 müqavilənin imzalanması planlaşdırılır.

Siyasi analitiklər hesab edir ki,liderlərin görüşü iki ölkə arasında illərdir davam edən gərginlik fonunda yeni yanaşmalar tapmaq, münasibətləri yumuşaldaraq qarşılıqlı əlaqələrin inkişafına şərait yarada bilər.

Bu barədə Metbuat.az-a açıqlama verən siyasi şərhçi Elçin Xalidbəyli bildirdi ki, iki ölkə arasında mövcud olan tarixi problemlər səbəbindən münasibətlər pozularaq hətta düşmənçilik səviyyəsinə çatmışdı.

Ekspert vurğuladı ki, xüsusilə adalarla bağlı ziddiyyətlər son vaxtlar Türkiyə-Yunanıstan münasibətlərində əsas gərginlik mənbəyinə çevrilib:

“Rəsmi Afina beynəlxalq məkanda həmişə Türkiyənin milli maraqlarına zərbə vurmağa çalışır. Onu da qeyd etmək lazımdır ki, ABŞ və Fransa Yunanıstanın Türkiyə ilə kəskin ziddiyyətlərindən istifadə etməyə cəhd göstərir. Məsələn, ABŞ müxtəlif məkrli oyunlar quraraq, Türkiyə-Yunanıstan münasibətlərində problemlərin böhranlı səviyyədə qalmasını təmin edir. Belə ki, rəsmi Ankara ABŞ-dan "F-16" döyüş təyyarələri almaq istəyir, hətta bunun üçün ilkin ödənişlər də edilib. Ancaq Ağ Ev bu barədə anlaşmanın icrasını müxtəlif bəhanələrlə ləngidir. Buna baxmayaraq, ABŞ Yunanıstana "F-16" döyüş təyyarələri və digər hərbi texnika göndərib. Üstəlik, Türkiyə ilə mübahisəli hesab olunan adalarında hərbi bazaların yaradılmasında Yunanıstana yardım göstərir. Halbuki, Türkiyə və Yunanıstan arasında mövcud olan anlaşmaya görə, adalarda silahlı qüvvələrin yerləşdirilməsi qadağandır. Və bu, Türkiyənin milli təhlükəsizlik maraqlarını ciddi şəkildə təhdid edir”.

Bütün bu sadalanan faktların fonundaTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Yunanıstana səfərinin böyük əhəmiyyət daşıdığını qeyd edən Elçin Xalidbəyli hesab edir ki, bu səfər iki qonşu ölkə arasında kəskin ziddiyyətlərin və hərbi-siyasi gərginliyin nizamlanmasına müəyyən imkanlar aça bilər:

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan praqmatik siyasətçidir. Onun siyasi fəaliyyətində əbədi düşmənçilik mövqeyi mövcud deyil. Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin milli maraqlarını hər şeydən üstün tutur və bu çərçivədə bütün beynəlxalq rəqiblər ilə daha çox anlaşmağa üstünlük verir. Bu baxımdan, prezident Rəcəb Tayyib Ərdoğanın Yunanıstan səfəri çərçivəsində rəsmi Afina ilə münasibətlərin nisbətən normal məcraya yönəltməyə nail ola biləcəyi qətiyyən istisna deyil. Çünki Türkiyə prezidenti adətən, pozitiv nəticə əldə edə biləcəyinə əmin olmadığı təqdirdə, heç vaxt konkret addımlar atmır. İndi əgər, prezident Rəcəb Tayyib Ərdoğan Yunanıstana səfər edirsə, deməli, iki ölkə arasında anlaşma zəmini axtarılması üçün münbit şərait yaranıb”.

Qərbin hər iki ölkənin xarici siyasətinə təsir mexanizmləri etdiyini vurğulayan siyasi şərhçi Kənan Novruzov isə düşünür ki, bu baxımdan Yunanıstan da Türkiyə də ehtiyatlı, soyuqqanlı davranır, məntiqli davranır:


“Türkiyənin xarici siyasətinin əsasında vaxtilə düşmən olan ölkələrlə münasibətlərin normallaşdırılması dayanır. Məsələn, bu qəbildən biz Suriyanı, Misiri,İsraili hətta Ermənistanı da göstərə bilərik.Bildiyiniz kimi,Qəzzadakı hadisələrə qədər İsrailə hətta qarşılıqlı səfir təyin olunmuşdu və səfər gözlənilirdi. Ərdoğanınİsrailə və daha sonraYunanıstanla münasibətləri də bu qəbildən qiymətləndirilməlidir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlamalarının birində qeyd etmişdi ki, ABŞ Yunanıstanla bizim aramızdakı gərginliyin inkişafı üçün çalışır.

Məsələ ondadır ki, rəsmi Afina ilə Ankara arasında gərginlik olsa da, hərbi müdaxilə səviyyəsinə çatmayıb. Çünki, nə Afina buna imkan verib, nə də Ankara. Çünki ikisi də başa düşürlər ki, müharibəyə başlasalar hər ikisi uduzacaq. Ümumiyyətlə, münasibətlərin gərginlik səviyyəsinin artması ikisinə də ziyandır. Bu münaqişə zəmnində qazanan yalnız ABŞ olacaq”.

ABŞ-nin Aralıq dənizi ətrafında təsir dairəsini gücləndirməyi hədəf seçdiyini bildirən ekspertin qənaətinə görə, əgər Türkiyə və Yunanıstan arasında müharibə başlayarsa bunun nəticələri böyük faciələrlə tarixə həkk oluna bilər:

“Bu dövlətlərin hər ikisi NATO-nun üzvüdür. Tərəflər arasındakı müharibə bəlkə də NATO-nun parçalanmasına səbəb ola bilər.

Hesab edirəm ki, Ərdoğanın Yunanıstana ehtimal olunan səfəri və sazişlərin imzalanması ABŞ-nin oyunlarını, niyyətlərini puça çıxaracaq. Bu səfər nəticəsində Ankara Afina xəttində münasibətlərin daha da inkişafına zəmin yarada bilər”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı