​Azərbaycan Dövlət Teatr Muzeyində şair Baba Vəziroğlu ilə görüş keçirildi - FOTO

Dekabrın 7-də Azərbaycan Dövlət Teatr Muzeyində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Gənclər Fondunun dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu ilə görüş keçirilib.

Metbuat.az xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “MədəniyyətimİZ” layihəsi çərçivəsində baş tutan tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyev, eləcə də, Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan “İRƏLİ” İctimai Birliyinin Layihələrlə iş üzrə katibi Riad Cəbrayılov 2023-cü il “Heydər Əliyev İli”nə həsr olunmuş layihə çərçivəsində mütəmadi olaraq mədəniyyət xadimləri ilə maarifləndirici və interaktiv görüşlərin keçirildiyini bildirib. Qeyd olunub ki, Azərbaycan ziyalıları ilə gənclərin “MədəniyyətimİZ” layihəsi çərçivəsində keçirilən görüşləri olduqca unikal və mədəni proseslərdə iştirakçılıq qabiliyyətlərinin artırılaraq müxtəlif vəzifələrin icrasına müvafiq şəraiti yaradacaq amilə çevirilib. Milli ədəbi mühitin formalaşmasında günümüzdə gənclərə olan diqqət və qayğıdan söhbət açan Riad Cəbrayılov bu səpkidə keçirilən müxtəlif tədbirlərdən bəhs edib.

Daha sonra Əməkdar İncəsənət xadimi Baba Vəziroğlu geniş təqdimatla çıxış edib. Şair Ulu Öndər Heydər Əliyevlə bağlı olan ən zəngin xatirələrindən, Azərbaycan ədəbiyyatı və şeiriyyatının inkişafı, müasir ədəbi dəyərlər kontekstində tarixi ənənələrin yaşadılması, şərq və qərbin poeziyasından söhbət açıb.

Tədbir “Azərbaycan ədəbiyyatının inkişafında Heydər Əliyev amili”, “Mədəniyyətimizin yaşadılması, inkişafı və təbliğində Azərbaycan dili və ədəbiyyatın rolu” və “Ədəbi mühitdə yeni, innovativ yanaşmalar: Yaradıcı sənayenin inkişafı kontekstində müasir yazarlıq ənənələrinə baxış” mövzularında panel müzakirə ilə davam edib. Tədbirin davamında auditoriyanın çoxsaylı sualları cavablandırılıb.

Görüşün bədii hissəsində Azərbaycan Milli Konservatoriyasının tələbələri İbrahim Cəfərov, Abuzər Əsgərli, Murad Əhmədovun müşayətilə Ülkər Abdullayeva və Mənzurə Abdurəhmanovanın ifalarında müxtəlif musiqi nümunələri təqdim olunub.

Qeyd edək ki, “MədəniyyətimİZ” layihəsinin əsas məqsədi “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin həyat fəaliyyətinin öyrənilməsi, habelə ölkə mədəniyyətinin inkişafı istiqamətində gənclərin iştirakçılığını artırmaqdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR