İnkişaf etmiş ölkələrdə dezinformasiyaya qarşı mübarizə məqsədilə tətbiq edilən mexanizmlər barədə məlumat bazası formalaşdırılaraq Azərbaycan auditoriyasına çatdırılacaq.
Metbuat.az xəbər verir ki, fəaliyyət Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Dezinformasiyaya qarşı mübarizə vasitələri” adlı layihə çərçivəsində icra ediləcək. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki, layihə 5 ay müddətində davam edəcək: “Bu müddət ərzində “Saxta xəbər” və onun növləri üzrə son elmi nəzəriyyələr araşdırılaraq ümumiləşdiriləcək. Növbəti mərhələdə isə Almaniya, Fransa, Türkiyə, Çin , Rusiya və ABŞ-də dezinformasiyaya qarşı mübarizə məqsədilə tətbiq olunan modellərin öyrənilib Azərbaycan audotoriyasına çatdırılması üçün tədbirlər keçiriləcək. Beləliklə, Azərbaycan xəbər istehsalçıları inkişaf etmiş ölkələrdə dezinformasiyaya qarşı mübarizə üçün tətbiq edilən qanunlar və inzibati mexanizmlər barədə məlumat alacaqlar. Ermənistanda istehsal edilən, Azərbaycana qarşı yönələn dezinformasiyaların sinxron yayılmasının qarşısını almaq üçün beynəlxalq nəzəriyyələrə uyğun təkliflərin hazırlanması da layihənin hədəfləri sırasındadır. Yekun məqsədimiz Azərbaycanda dezinformasiyaya qarşımübarizə sahəsində innovativ dayanıqlığın yaradılmasıdır”.
Layihə çərçivəsində Azərbaycan jurnalistlərinin, sosial media fəallarının, QHT təmsilçilərinin iştirakı ilə konfransların keçirilməsi də planlaşdırılıb.