Avropa Oyunlarında Azərbaycanı avarçəkmə üzrə baş məşqçisi Aleksandr Kolıbelnikovun rəhbərliyi altında 7 idmançı təmsil edəcək. Onların 4-ü kanoeçi, 3-ü isə kayakçıdır.

Bu sözləri Milli.Az-a açıqlamasında Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) mətbuat katibi Elşən Məmmədov deyib.

Onun sözlərinə görə, azərbaycanlı avarçəkənlər bir neçə təlim məşq toplantılarında olublar. Qış hazırlığını Bolqarıstanda keçiblər. Bundan sonra beynəlxalq prezident kubokunda və Avropa Çempionatında iştirak ediblər. Hazırlığın son mərhələsi Mingəçevir və Qəbələdəki təlim məşq toplanışlarında baş tutub.

"Hal-hazırda böyük həyəcanla idmançılarımız Avropa Oyunlarının başlanmasını gözləyirlər", - o vurğulayıb.

Qurum rəsmisinin sözlərinə görə, kanoeçilərin mübarizəsində əsas ümidlər 4 qat dünya və 4 qat Avropa çempionu Valentin Demyanenkoyadır. Demyanenko 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşlərə qatılacaq. Taras Matviyçuk isə 1 nəfərlik qayıqla (K-1) 1000 metr məsafəyə yürüş edəcək. Aleksey Kupin və Avropa çempionu Sergey Bezuqlıydan ibarət duet 2 nəfərlik qayıqla (C-2) 1000 metr məsafəni qət edəcək.

Kayakçılara gəldikdə, 1 nəfərlik qayıqla (K-1) Mirnazim Cavadov 200 metr, Tamerlan Mustafayev 1000 metr məsafəyə yürüşlərə qatılacaq. Qadınların mübarizəsində isə olimpiya çempionu İnna Osipenko-Radomskavaya 1 nəfərlik qayıqla (K-1) 200 metr və 500 metr məsafələrə yürüş edəcək.

Yarışlarda idmançılarımız üçün azarkeş dəstəyinin olduqca önəmli olduğunu qeyd edən Elşən Məmmədov bildirib ki, Avarçəkmə yarışlarını izləmək üçün Mingəçevirdəki Kür Olimpiya idman bazasında əlavə tribunalar quraşdırılıb.

"Avarçəkmə üzrə yarışlar Mingəçevirdə keçiriləcək. Artıq bu idman növü Mingəçevir sakinləri üçün doğmalaşıb. Hələ Sovet vaxtından burada SSRİ yığma komandaları üçün təlim bazası olub. O vaxtdan bəri bu idman növünə yerli sakinlərin xüsusi maraqları olub. Şəhərdə bu idman növü ilə məşğul olanlar yetərincədir. Əsas azarkeş dəstəyinin Mingəçevirdən olacağı gözlənilir. Butun üçün münasib qiymətlərə bilet satışı təşkil olunub", - o qeyd edib.

Teymur Hacıyev
Milli.Az