Azərbaycanda evlənmək istəyən oğlan üçün toy günü yalnız şadlıq sarayının qapısından daxil olmaqla başlamır. Bu prosesə aylar, hətta illər əvvəl hazırlıq görülür. Tanışlıq, elçilik, nişan, qızıl, geyim, toy xərcləri və ən əsası ev məsələsi oğlan tərəfi üçün ciddi maliyyə yükü sayılır.
Bakıda elçilik zamanı qız evinin oğlan tərəfinə verdiyi ənənəvi suallardan biri də məhz budur: “Oğlanın evi var?” Əgər ev məsələsi həll olunubsa, ailənin yükü xeyli azalır. Əks halda isə toy büdcəsinə ən böyük xərc maddəsi əlavə olunur.
Metbuat.az bu mövzuda kiçik araşdırma edib.
Ən böyük xərc - ev
Bakıda gənc ailənin rahat yaşaya biləcəyi mənzil almaq artıq kifayət qədər ciddi vəsait tələb edir. Şəhərin mərkəzinə yaxın ərazilərdə normal mənzil üçün 300-350 min manat və daha çox pul xərcləmək lazım gəlir. Mikrorayonlarda nisbətən münasib variantlar tapmaq mümkündür, amma yenə qiymət 200-250 min manat civarında olur.
Bakıətrafı qəsəbələrdə isə həyət evləri daha münasib qiymətə tapılır. Lakin burada da söhbət çox vaxt 65-70 min manatdan başlayan məbləğlərdən gedir. 2026-cı ilin iyununda Bakı üzrə yeni tikililərdə mənzillərin 1 kv. metrinin qiyməti 2 767 manat/m² olub.
O da var ki, nikaha hazırlaşan gənc cütlüklərin əksəriyyəti həyət evində yaşamağa o qədər də maraq göstərmir. Xüsusilə şəhər həyatına öyrəşmiş gənclər üçün ictimai nəqliyyata və digər gündəlik ehtiyaclara yaxınlıq əsas meyarlardan birinə çevrilib. Buna görə də evi olmayan cütlüklər üçün kirayə mənzil də alternativ seçim kimi ön plana çıxır. Bakının mərkəzinə yaxın ərazilərdə kirayə mənzillərin aylıq qiyməti adətən 600-800 manatdan başlayır. Masazırda bu rəqəm təxminən 350-400 manat, Xırdalanda isə 450-500 manat civarında dəyişir. Beləliklə, gənc ailə üçün yalnız toy xərclərini deyil, ev kirayəsi, kommunal ödənişlər və digər gündəlik yaşayış məsrəflərini də əvvəlcədən nəzərə almaq lazım gəlir.
Bu səbəbdən evsiz oğlan üçün evlilik xərclərinin hesabı toy mərasimindən çox-çox əvvəl başlayır.
Yeni dəb - Tanışlıq məclisi
Son illərdə evlilikdən əvvəl ailələrin bir araya gəldiyi tanışlıq məclisləri də geniş yayılıb. Adətən restoranlarda keçirilən bu görüşlərə oğlan və qızla yanaşı, onların valideynləri, bacı-qardaşları, yaxın qohumları, ağsaqqal və ağbirçəklər də qatılır.
Təxminən 20 nəfərlik belə məclisin orta səviyyəli restoranda 1 400-1 600 manata başa gəldiyi məlumdur.
Elçilik “əliboş” olmur
Elçilik mərasimi qız evi tərəfindən təşkil edilsə də, oğlan tərəfi məclisə əliboş getmir. Gələcək gəlin üçün qızıl üzük, sırğa, boyunbağı və digər hədiyyələrin alınması artıq bir çox ailələrdə adətə çevrilib.
Burada xərclənən məbləğ ailənin seçiminə görə ciddi dəyişir. Qızılın çəkisi və əyarı artdıqca elçiliyin büdcəsi də böyüyür.
Nişan - xərclərin sürətlə artdığı mərhələ
Nişan mərasimi isə oğlan evi üçün daha böyük xərcl tələb edir. Təkcə nişan üzüyünə 1 500-2 000 manat və daha çox vəsait xərcləyən ailələr var. Bu məbləğ bəzən 5-7 min manata qədər yüksələ bilir. Hər şey ailənin maddi vəziyyətindən asılıdır.
Bununla yanaşı, nişan üçün digər qızıl-zinət əşyaları, hədiyyələr, gül buketi, xonçalar, şirniyyat və mərasimlə bağlı müxtəlif ödənişlər də əlavə olunur. Beləliklə, yalnız üzük deyil, bütövlükdə nişan mərasimi bir neçə min manatlıq xərcə çevrilir.
Toyun əsas yükü burada başlayır
Toy mərasiminə gəlincə, xərclərin sayı bir qədər də artır. Şadlıq sarayının seçilməsi, qonaq sayına uyğun menyunun müəyyənləşdirilməsi, bəyin kostyumu, gəlinlik, gəlinin saç və makiyajı, foto-video çəkilişi, dekorasiya, avtomobil və digər xidmətlər ümumi büdcəni formalaşdırır.
2026-cı ilin əvvəlində yayılan məlumatlara görə, Bakıda şadlıq evlərində orta səviyyəli menyular əsasən 65-70 manat civarında təklif olunur. Daha ucuz menyular da olsa, ailələrin böyük hissəsi keyfiyyətə görə daha bahalı paketlərə üstünlük verir.
Məsələn, 150 nəfərlik toy üçün yalnız 65 manatlıq menyu hesabı ilə 9 750 manat, 200 nəfərlik toy üçün isə 13 min manat xərc çıxır. Daha böyük, məsələn, 400 nəfərlik məclis təşkil etmək istəyənlər minimum 26 min manat xərcləmək məcburiyyətindədirlər. Restoranların təklif etdiyi menyudan asılı olaraq, bu məbləğ bəzən 35-40 min manat təşkil edir. Buraya hələ digər toy xərcləri daxil deyil.
Müğənni seçimi büdcəni “uçura” bilər
Toyda tanınmış müğənninin çıxış etməsini istəyən ailələr isə əlavə olaraq böyük məbləğ ödəməlidir. Son məlumatlarda məşhur sənətçilərin yarım saatlıq çıxışları üçün qonorarların bir neçə min manatdan başladığı, bəzi məşhurlarda isə 10-12 min manata çatdığı göstərilir.
Məsələn, yayılan siyahıda Aygün Kazımovanın yarım saatlıq çıxışı 12 min, Röyanın çıxışı isə 10 min manat göstərilib.
Toy oğlan evinə ümumilikdə neçəyə başa gəlir?
Beləliklə, ev məsələsini kənara qoysaq belə, orta səviyyəli toy üçün oğlan evinin qarşısında on minlərlə manatlıq xərc dayanır. Tanışlıq və elçilikdən başlayaraq nişan, qızıl, geyim, restoran, foto-video, bəzək və digər ödənişlər toplandıqca məbləğ sürətlə artır.
Evin də oğlan tərəfindən alınması tələb olunursa, vəziyyət tamamilə dəyişir. Bu halda söhbət artıq on minlərlə deyil, yüz minlərlə manatlıq maliyyə yükündən gedir. Başqa sözlə, Azərbaycanda oğlan üçün toyun qiymətini yalnız şadlıq sarayının menyusu ilə hesablamaq mümkün deyil. Əsas xərc bəzən toy başlamamışdan - “Oğlanın evi var?” sualından başlayır…