Instagram və Facebook kimi nəhəng sosial media platformalarının sahibi Meta tarixinin ən böyük hüquqi mübarizələrindən biri ilə üz-üzədir.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-də bir sıra ştatlar şirkəti uşaqları sosial mediadan asılı vəziyyətə salacaq şəkildə platformalar hazırlamaqda ittiham edir.

ABŞ-nin Kaliforniya, Kolorado, Kentukki və Nyu-Cersi də daxil olmaqla bir sıra ştatlarından ibarət koalisiya Meta-ya qarşı məhkəmə iddiası qaldırıb. Ştatlar şirkətdən təxminən 193 milyard dollar təzminat tələb edir.

Məhkəmə prosesi 18 avqustda başlayacaq və təxminən 6 həftə davam edəcəyi gözlənilir. İş texnologiya sektorunun ən mühüm hüquqi mübarizələrindən biri kimi qiymətləndirilir.

Ştatlar Meta-nın uşaqların təhlükəsizliyi və internetdə məxfiliyi ilə bağlı federal və ştat qanunlarını pozduğunu iddia edir. Onların fikrincə, şirkətin platformaları uşaqların sosial mediada daha uzun müddət qalmasını təşviq edən mexanizmlərlə hazırlanıb.

Meta isə daha əvvəl məhkəməyə təqdim etdiyi sənədlərdə mümkün cərimənin 1,4 trilyon dollara çata biləcəyini bildirib. Ştatların hüquqşünasları isə bu rəqəmin “şok effekti yaratmaq məqsədilə” hesablandığını və real məbləği əks etdirmədiyini deyirlər.