Hindistanda "TikTok" sosial şəbəkəsində yayılan qısa video alimlərin diqqətini çəkərək yeni canlı növünün aşkarlanmasına səbəb olub.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Hindistanda aparılan araşdırmalar zamanı quyudan çəkilmiş görüntülərdə solğun rəngli, kiçik gözlü və ilana bənzər canlı qeydə alınıb. Alimlər canlıların Chaudhuriidae fəsiləsinə aid olduğunu müəyyənləşdiriblər.
Bu canlıların qaranlıq mühitə uyğunlaşdığı, zamanla rəng piqmentlərini və göz funksiyalarını itirdiyi, həmçinin dar qaya çatlarında hərəkət etmək üçün qabırğa sümüklərindən məhrum olduğu bildirilib.
Alimlər bir həftə ərzində 15 əl nasosundan istifadə edərək minlərlə litr suyu çıxarıb və nəticədə uzunluğu təxminən 4 santimetr olan cəmi üç canlı nümunəsi əldə edə biliblər.
Yeni növ Qanq çayı və Hindistan-Nepal coğrafiyasının adından götürülərək Gangaichthys indonepalicus adlandırılıb. Kəşfin təfərrüatları "ZooKeys" jurnalında dərc olunub.