“Google” Gemini süni intellekt imkanlarını Android üçün "Chrome" brauzerinə əlavə edir.
Metbuat.az xəbər verir ki, yeni funksiyalar istifadəçilərə internet səhifələrini xülasə etmək, məzmunla bağlı suallar vermək və səhifədəki məlumatlar əsasında görüntülər yaratmaq imkanı verəcək.
“Gemini” “Google Calendar” və “Keep” kimi xidmətlərlə də əlaqələndiriləcək. İstifadəçi səhifədən çıxmadan müəyyən əməliyyatları həyata keçirə biləcək.
Daha diqqətçəkən yenilik isə “auto browse” funksiyasıdır. Gemini istifadəçinin tapşırığı əsasında bilet almaq və ya onlayn sifarişdə dəyişiklik etmək kimi bəzi əməliyyatları özü yerinə yetirə biləcək. Ödəniş tələb olunan zaman isə istifadəçidən təsdiq istəyəcək.
Funksiya hazırda ABŞ-də Android istifadəçiləri üçün təqdim olunur və “AI Pro” və ya “AI Ultra” abunəliyi tələb edir. “Google” digər ölkələrdə təqdimat tarixini açıqlamayıb.
Qeyd edək ki, şirkət həmçinin “Gemini”nin internet səhifələrində gizlədilən zərərli təlimatları aşkarlamaq üçün “prompt injection” hücumlarına qarşı xüsusi təhlükəsizlik tədbirlərindən istifadə etdiyini bildirir.