“Bitcoin” alan şirkətlərin bazar dəyəri son bir ildə kəskin şəkildə azalıb.

Metbuat.az xəbər verir ki, “Bitcoin” ehtiyatı saxlayan şirkətlərin ümumi bazar dəyəri 2025-ci ilin iyulunda 150 milyard dollardan 67 milyard dollara düşüb. Beləliklə, ötən ilin ortalarından bu yana şirkətlərin ümumi dəyərində 80 milyard dollardan çox azalma qeydə alınıb. Məlumata görə, 2024-cü ilin sonlarından etibarən yüzlərlə şirkət səhm qiymətlərini yüksəltmək məqsədilə borclanaraq və yeni səhmlər buraxaraq “Bitcoin” almağa başlayıb. Bildirilir ki, bu tendensiya amerikalı “Bitcoin” tərəfdarı Maykl Seylor və onun rəhbərlik etdiyi “Strategy” şirkətinin fəaliyyəti ilə geniş yayılıb. Lakin kriptovalyuta bazarındakı geriləmə nəticəsində bir çox şirkət “Bitcoin” ehtiyatlarını sataraq əsas fəaliyyət sahələrinə qayıtmağa başlayıb.

Məlumata görə, ən böyük 50 “Bitcoin” sahibi şirkətdən 43-nün səhmləri kriptovalyuta almaq qərarından əvvəlki səviyyədən aşağı düşüb. Bu şirkətlərin 35-də dəyər itkisi 50 faizdən çox olub. Bildirilir ki, “Strategy”nin bazar dəyəri zirvə göstəricisi ilə müqayisədə 79 milyard dollar azalaraq ümumi itkinin böyük hissəsini təşkil edib.