“Qalatasaray”da Leroy Sane baş məşqçi Okan Burukun son iki oyunda onu ehtiyatda saxlamasından narazı qalıb.

Metbuat.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi bu məsələ ilə bağlı klub rəhbərliyi ilə görüşüb və əsas heyətdə yer almayacağı təqdirdə komandadan ayrılmaq istədiyini bildirib. İddialara görə, Sane rəhbərliyə “Mən son 20 dəqiqə oynayacaq futbolçu deyiləm” deyərək narazılığını ifadə edib. O, mövsümün ilk rəsmi matçında “Çorum FK” ilə görüşdə start heyətində yer alsa da, daha sonra “Erzurumspor” və “Göztəpə” ilə qarşılaşmalarda ehtiyatda qalıb. Məlumata görə, həmin iki oyunda ümumilikdə 41 dəqiqə meydanda olan Sane fərqlənə bilməyib. Klub rəhbərliyi futbolçu ilə görüşərək onun komandanın planlarında mühüm yer tutduğunu bildirib və yaranmış narazılığı aradan qaldırıb.

Bununla belə, hücum xəttinə Rafael Leao və Aleksey Batrakovun qoşulması Sane üçün əsas heyətdəki rəqabəti daha da artırıb.