Biləsuvar rayonundakı Cəbrayıl qəsəbələrinə sonuncu səfərim zamanı qızım ağıllı gözlərindən təbəssüm əskik olmayan qarayanız, şirin bir uşaq göstərib soruşdu:
- Ata, Faidəni tanıyırsan?
Biz ilk dəfə qarşılaşdığımız üçün tanımadığımı söylədim.
Xədicə dərhal izahat verdi:
- Faidə şəhid Təhmasib Mustafayevin qızıdır.
Aramızda belə bir dialoq keçdi:
- Faidəni tanımasam da, atasını yaxşı tanıyıram.
- Haradan tanıyırsan?
- Şəhidlər bizim baş tacımızdır. Onları tanımaq və tanıtmaq borcumuzdur.
Şəhidlər haqqında yazdığım məqalələrin sayını itirmişəm. Əlim qələm tutduqca, bu şərəfli missiyanı davam etdirəcəyəm. Şəhidlər unudulanda ölürlər. Nə qədər ki, söz var, onlar unudulmayacaq...
… Şəhid Təhmasib Sərməst oğlu Mustafayev 30 avqust 1989-cu ildə Cəbrayıl rayonunun Hasanlı kəndində anadan olub.
Onun uşaqlığı doğma torpağın həsrəti ilə keçib. Cəbrayıl işğal olunanda Təhmasibin cəmi dörd yaşı vardı. Doğma yurdun itirilməsi, ailəsinin köçkün həyatı, böyüklərin göz yaşları onun yaddaşında silinməz iz buraxmışdı.
İllər keçdikcə uşaqlıq xatirələri Vətən sevgisinə çevrildi. Məktəbdə Azərbaycan dili, ədəbiyyat və tarixə xüsusi maraq göstərən Təhmasib hərbi peşəyə bağlandı. Gənc yaşlarından həyatını hərb sənətinə həsr etmək qərarına gəldi.
Daxili Qoşunlarda xidmətə başlayan Təhmasib qısa zamanda öz peşəkarlığı, intizamı və cəsarəti ilə seçildi. Xüsusi təyinatlı kimi xidmət etdi, zabit rütbəsinə yüksəldi. Silahdaşlarının xatirəsində o, yalnız tələbkar komandir kimi deyil, ən çətin anlarda əsgərinin yanında dayanan, şəxsi nümunəsi ilə döyüşçülərinə ruh verən zabit kimi qaldı.
Onun ən böyük arzularından biri doğma Cəbrayıla qayıtmaq idi. Bir vaxtlar dörd yaşlı uşağın yaddaşında yalnız kövrək xatirələrlə qalan torpaqlara illər sonra hərbi geyimdə, Vətənin cəsur əsgəri kimi qayıtdı.
2020-ci ilin payızında başlayan Vətən müharibəsində Təhmasib Füzuli, Cəbrayıl və Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak etdi. Döyüş yolu onu Şuşaya qədər gətirdi.
Doğma Cəbrayıl torpağını azad görmək onun üçün sadəcə hərbi tapşırıq deyildi. Bu, uşaqlıqdan ürəyində daşıdığı böyük həsrətin sona çatması idi.
Şuşa istiqamətində döyüşlər şiddətləndikcə Təhmasib özünü silahdaşlarından ayırmadı. Ən təhlükəli məqamlarda belə soyuqqanlılığını qoruyur, şəxsi nümunəsi ilə ətrafındakıları ruhlandırırdı. Onun üçün komandir olmaq yalnız əmr vermək deyildi; lazım gələndə təhlükənin qarşısına ilk çıxmaq, əsgərinin yanında dayanmaq idi.
Təhmasib Mustafayev Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. Cəbrayılın həsrəti ilə böyüyən bir uşaq, illər sonra həmin torpaqların azadlığı uğrunda canını fəda edən bir zabitə çevrildi. Onun arzusu Vətənin bütövlüyünü görmək idi və bu arzu uğrunda öz həyatını qurban verdi.
O, 44 günlük Vətən müharibəsində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəhid olan 66 hərbi qulluqçusundan biridir.
Təhmasib Sərməst oğlu Mustafayev ölümündən sonra “Rəşadət” ordeni, “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Amma onun üçün ən böyük mükafat uğrunda can verdiyi torpağın bu gün azad olmasıdır.
Bir vaxtlar Cəbrayıldan cəmi dörd yaşında didərgin düşən Təhmasib illər sonra doğma torpağına bu dəfə silahla, çiyin-çiyinə dayandığı silahdaşları ilə qayıtdı. Uşaq ikən həsrət qaldığı yurduna çatdı, amma taleyin yazdığı kimi, o torpaqlardan bir daha geri dönmədi. Cəbrayıl onun ayaq basdığı, Şuşa isə qanının qarışdığı torpağa çevrildi. Bu gün Təhmasibin adı azad Cəbrayılın, qəhrəman Şuşanın tarixində yaşayır.
Təhmasib ailəli idi. Onun Faidə adlı bir qızı yadigar qalıb. Bu gün Faidə atasını yalnız ailəsinin xatirələrindən deyil, bütöv bir xalqın yaddaşından tanıyır. Çünki şəhidlərin ömrü torpağın altında bitmir. Onların adı insanların dilində, övladlarının yaddaşında, azad edilmiş şəhərlərin küçələrində yaşamağa davam edir.
Faidə atası haqda düşünəndə əvvəl onun səsini, baxışlarını, gülüşünü xatırlayacaq. Amma illər keçdikcə anlayacaq ki, atasından ona qalan yalnız xatirələr deyil. Atasından ona azad edilmiş bir Vətən, Cəbrayıl, Şuşa və qürurla daşıyacağı bir soyad qalıb. O soyad Faidənin ömrü boyu daşıyacağı ən qiymətli mirasdır…
Seymur Verdizadə