Rusiyanın məşhur kurort şəhəri Soçidə dron hücumu çimərlikdə olan insanlar arasında böyük panikaya səbəb olub.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Ukraynaya məxsus pilotsuz uçuş aparatları Rusiyanın müxtəlif bölgələrində bir sıra əraziləri hədəfə alıb. Hücumların baş verdiyi ərazilərdən biri də Qara dəniz sahilində yerləşən Soçi olub.
Şəhərin liman ərazisinə dron zərbəsi endirilib. Hadisə zamanı dənizdə və çimərlikdə olan insanlar təhlükə səbəbindən ərazidən uzaqlaşmağa başlayıblar. İnsanların ərazidən qaçdığı vaxt daha iki zərbənin endirildiyi bildirilib.
Hücum nəticəsində bir gəmi və anbarın zərər gördüyü qeyd olunub. Hadisədən sonra 10 nəfərin təxliyə edildiyi, ölən və yaralananların olmadığı açıqlanıb.
Dron hücumları Moskva vilayətində də qeydə alınıb. Kubinka şəhərində pilotsuz uçuş aparatının yaşayış binasının 8-ci və 9-cu mərtəbələrinə çırpılması nəticəsində yanğın baş verib. Pavlovski Posad şəhərində isə başqa bir yaşayış binasına ziyan dəyib, çoxsaylı mənzillərin şüşələri sınıb.
Rusiya rəsmilərinin açıqlamasına görə, gecə saatlarından etibarən ölkə ərazisində 90-dan çox dron məhv edilib. Təkcə Moskva vilayətində 56 pilotsuz uçuş aparatının vurulduğu bildirilib.