İsveçrədə buzlaqların sürətlə əriməsinin qarşısını almaq üçün qeyri-adi üsuldan istifadə olunur. Tədqiqatçılar Alp dağlarında yerləşən buzlağın bir hissəsini qoyun yunundan hazırlanan xüsusi örtüklərlə bağlayıblar.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, təcrübə İsveçrənin Valais kantonunda yerləşən Tsanfleuron buzlağında aparılıb. Təxminən 200 kvadratmetr ərazini əhatə edən sınaq zamanı qoyun yunu xüsusi şəkildə emal edilərək qalın örtüklərə çevrilib və yay aylarında buzlağın üzərinə sərilib.
Mütəxəssislər bu üsulla günəş şüalarının buz səthinə birbaşa təsirini azaltmağı və ərimə prosesini yavaşlatmağı hədəfləyirlər. İlkin ölçmələr təbii materialdan hazırlanan örtüklərin yay aylarında buz itkisini əhəmiyyətli dərəcədə azaltdığını göstərib.
Qoyun yunundan hazırlanan örtüklər buzlaqların qorunmasında istifadə olunan sintetik materiallara alternativ kimi nəzərdən keçirilir. Bu materialın əsas üstünlüklərindən biri təbii olması və ətraf mühitə sintetik örtüklərlə müqayisədə daha az yük yaratmasıdır.
Alimlərin fikrincə, iqlim dəyişikliyi fonunda buzlaqların əriməsi sürətləndikcə bu cür üsulların əhəmiyyəti də arta bilər. Bununla belə, yun örtüklərinin daha geniş ərazilərdə istifadəsinin nə dərəcədə səmərəli və mümkün olduğu ilə bağlı əlavə araşdırmalar aparılacaq.