Avropanın 9 ölkəsi hava limanlarında yaranan uzun növbələr və texniki problemlər səbəbindən Avropa İttifaqının yeni giriş-çıxış sisteminin tətbiqini təxirə salıb.

Metbuat.az xəbər verir ki, Fransa, Belçika, Niderland, Almaniya, Yunanıstan, Malta, Portuqaliya, İtaliya və İsveçrə EES sisteminin texniki baxımdan tam işlək vəziyyətə gətirilənədək nəzarət prosedurlarını tətbiq etməyəcəklərini açıqlayıb.

EES sistemi Avropa İttifaqına üzv olmayan ölkələrin vətəndaşlarından sərhəddə barmaq izi və üz görüntüsünün qeydiyyata alınmasını tələb edir. Sistem ötən ilin oktyabrında tətbiq olunmağa başlayıb və bu ilin aprel ayınadək tam qüvvəyə minməli idi.

Sistemin tətbiqi hava limanlarında ciddi sıxlığa səbəb olduğundan ölkələrə nəzarəti müvəqqəti dayandırmaq üçün 150 günlük müddət verilmişdi. Bu müddət sentyabrın 6-da başa çatsa da, adıçəkilən doqquz ölkə texniki problemlər aradan qaldırılana qədər sistemi tətbiq etməyəcəyini bildirib.

Aviaşirkətlər də EES-in tətbiqinə etiraz edir. “Ryanair” sistemə keçidin ən azı 2027-ci ilin aprelinədək təxirə salınmasını tələb edib. Şirkətin əməliyyat direktoru Nil Makmahon prosesin əvvəlindən etibarən ciddi problemlərlə müşayiət olunduğunu bildirib.