“Kurtlar Vadisi” serialının ssenaristləri Raci Şaşmaz, Bahadır Özdener və Cüneyt Aysan 2011-ci ildə Silivri həbsxanasında vəfat edən keçmiş MİT əməkdaşı Kaşif Kozinoğlunun ölümü ilə bağlı yenidən başladılan istintaq çərçivəsində ifadə veriblər.
Metbuat.az xəbər verir ki, ssenaristlər istintaqa “məlumat sahibi” statusunda çağırılıblar. Raci Şaşmazın ifadəsində serialda yer alan bəzi obrazlar və süjetlərlə bağlı iddialara da münasibət bildirilib.
Şaşmaz bildirib ki, serialdakı Kaşifoğlu obrazı kəşfiyyat daxilindəki qarşıdurmaları göstərmək məqsədilə yaradılmış bədii personajdır. Onun sözlərinə görə, obrazın ölümü ilə hekayəsi tamamlanıb və bunun real həyatdakı hadisələrlə əlaqəsi yoxdur.
Ssenarist serialın açıq mənbələrdən əldə olunan məlumatlar əsasında hazırlandığını vurğulayıb. O, heç bir qanuni və ya qanunsuz qurumla əlaqələrinin olmadığını bildirib.
Şaşmaz həmçinin serialın ssenarisinə FETÖ ilə əlaqəli şəxslərin müdaxilə etməsi barədə iddiaları təkzib edib. O, “Kurtlar Vadisi”ndəki personajların real şəxslərin əvvəlcədən taleyini müəyyənləşdirməsinin mümkün olmadığını qeyd edib.
Keçmiş MİT əməkdaşı Kaşif Kozinoğlunun ölümü ilə bağlı istintaq isə davam edir. Araşdırma çərçivəsində bir sıra şəxslər barəsində həbs və digər məhkəmə nəzarəti tədbirləri tətbiq olunub, həmçinin Kozinoğlunun ölüm səbəbinin yenidən araşdırılması üçün məzarının açılması prosesi həyata keçirilib.