“Qalatasaray”ın baş məşqçisi Okan Buruk milli komandaların oyunlarından sonra heyətdə dəyişiklik etməyə hazırlaşır. Təcrübəli mütəxəssis İstanbula yorğun qayıdacaq futbolçulardan ikisini ehtiyat oyunçular skamyasında oturtmağı düşünür.
Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Qalatasaray” milli fasilədən sonra Türkiyə Super Liqasında “Kasımpaşa” ilə qarşılaşacaq. Okan Burukun milli komandaların düşərgəsindən yorğun qayıdacaq futbolçuları qorumaq üçün əsas heyətdə dəyişiklik edəcəyi bildirilir.
Kolumbiya millisində çıxış edən Davinson Sançes bu müddətdə Peruya qarşı yoldaşlıq görüşündə meydana çıxacaq. Müdafiəçinin matçdan sonra İstanbula yorğun qayıtması gözlənilir.
Bu səbəbdən Okan Burukun Sançesi “Kasımpaşa” ilə oyunda ehtiyatda saxlaması planlaşdırılır. Onun əvəzinə Mario Lemina müdafiənin mərkəzində forma geyinə bilər.
“Qalatasaray”da Lukas Torreira ilə bağlı da oxşar ehtimal var. Uruqvay millisinin düşərgəsində olan futbolçunun da yorğunluq səbəbindən “Kasımpaşa” qarşısında dincəldilməsi gündəmdədir.
Milli fasilədən sonra “Qalatasaray”ın həm müdafiə, həm də yarımmüdafiə xəttində dəyişikliklərə getməsi gözlənilir. Okan Burukun əsas məqsədi futbolçuların fiziki durumunu nəzərə alaraq onları qorumaq və sıx oyun qrafikində zədə riskini azaltmaqdır.