“Qalatasaray”ın baş məşqçisi Okan Buruk qarşıdakı çətin oyunlar öncəsi Portuqaliyalı futbolçu Leao ilə bağlı xüsusi plan hazırlayıb. Təcrübəli mütəxəssis 27 yaşlı sol cinah oyunçusunu həm “Kasımpaşa”, həm də “Barselona” ilə qarşılaşmalara hazırlayır.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Qalatasaray” rəhbərliyi çətin oyunlar ərəfəsində futbolçuların bütün ödənişlərini həyata keçirərək komandada müsbət əhval-ruhiyyə yaratmağa çalışıb. İstanbul təmsilçisi bu gün öz meydanında məğlubiyyətsiz “Kasımpaşa”nı qəbul edəcək. Komanda bu görüşdə qələbə qazanaraq “Barselona” ilə oyun öncəsi yaxşı forma toplamaq istəyir.

Baş məşqçi Okan Buruk isə Leao ilə xüsusi söhbət edərək ona dəstək verib. Mütəxəssis qarşıdakı dövrdə futbolçuya daha çox oyun şansı verməyi planlaşdırır. Burukun məqsədi portuqaliyalı oyunçunun qarşıdakı 30 gün ərzində komandaya daha böyük töhfə verməsini təmin etməkdir.

Digər tərəfdən, zədəsini sağaldaraq sıraya qayıtmağa hazırlaşan Viktor Osimhenin də oyun vaxtının mərhələli şəkildə artırılması nəzərdə tutulur. Baş məşqçi onun meydanda keçirəcəyi dəqiqələrə diqqətlə yanaşmağı planlaşdırır.

“Qalatasaray” qarşıdakı çətin təqvimdə həm Türkiyə çempionatında mövqeyini qorumaq, həm də avrokuboklarda uğurlu nəticə qazanmaq niyyətindədir.