31 oktyabr - 6 noyabr 2026-cı il tarixlərdə Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin birgə təşkilatçılığı ilə “Ürək transplantasiyası həftəsi” çərçivəsində silsilə tədbirlər keçiriləcək.

Metbuat.az xəbər verir ki, bu tədbirlər Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri, professor Kamran Musayevin rəhbərliyi ilə Azərbaycanda və Cənubi Qafqazda ilk donor ürək transplantasiyasının həyata keçirilməsinin birinci ildönümünə həsr olunur.

Həftə ərzində ürək transplantasiyası ilə bağlı maarifləndirmə işinin gücləndirilməsinə, ictimaiyyətin diqqətinin orqan donorluğunun əhəmiyyətinə yönəldilməsinə xidmət edən sosial aksiyalar, maarifləndirici görüşlər və “TRANSPLANT 360° - Diaqnostikadan transplantasiyaya” adlı elmi-praktiki konfrans təşkil olunacaq.

Həftənin əsas tədbirlərindən biri olan elmi-praktiki konfrans 31 oktyabr 2026-cı il tarixdə “Fairmont Baku - Flame Towers” otelində keçiriləcək.

Konfransın əsas məqsədi orqan transplantasiyasının diaqnostikadan başlayaraq transplantasiyaya hazırlıq, donor seçimi, cərrahi müdaxilə və əməliyyatdan sonrakı müşahidəyədək bütün mərhələlərini elmi və praktiki aspektlərdən müzakirə etmək, bu sahədə əldə olunan nəticələri qiymətləndirmək və qarşıda duran çağırışları müəyyənləşdirməkdir.

Tədbirdə ölkənin müxtəlif tibb müəssisələrini təmsil edən ürək-damar cərrahları, ümumi cərrahlar, kardioloqlar, anestezioloq-reanimatoloqlar, nefroloqlar, qastroenteroloqlar, infeksionistlər, patoloqoanatomlar və digər ixtisaslar üzrə mütəxəssislər iştirak edəcək. Konfransda, həmçinin Böyük Britaniya, Türkiyə və Belarusdan transplantasiya sahəsində ixtisaslaşmış mütəxəssislərin iştirakı nəzərdə tutulur.

Elmi proqram çərçivəsində transplantasiya xəstələrinin diaqnostikası, tibbi və cərrahi müalicəsi, transplantasiyaya hazırlıq, donor seçimi, transplantasiya prosesi və transplantasiyadan sonrakı dövrün idarə olunması kimi mühüm mövzular müzakirə ediləcək. Konfrans yerli və beynəlxalq mütəxəssislər arasında elmi təcrübə mübadiləsinin aparılması, peşəkar əməkdaşlığın inkişafı və transplantasiya sahəsində mövcud təcrübənin bölüşülməsi baxımından əhəmiyyət daşıyır.

Ölkədə transplantasiya sahəsində əldə edilən nəticələrin qiymətləndirilməsi və gələcək inkişaf istiqamətlərinin müzakirəsi üçün mühüm platforma olan Konfransda iştirak üçün əvvəlcədən qeydiyyatdan keçmək mütləqdir.

Qeydiyyat linki: https://forms.gle/yrXvFJ4qNVWURbk49

Konfransın Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən akkreditasiya olunması nəzərdə tutulur və iştirakçılar davamlı tibbi təhsil (DTT) balları əldə edəcəklər.