Soyuq havalarda evi daha tez isitmək və enerji xərclərini azaltmaq üçün bir sıra sadə üsullardan yararlanmaq mümkündür. Mütəxəssislər bildirirlər ki, mebellərin düzgün yerləşdirilməsi də istiliyin otaqda yayılmasına təsir göstərir.

Metbuat.az xəbər verir ki, xüsusilə istilik batareyalarının qarşısında yerləşdirilən iri mebellər isti havanın otaqda bərabər yayılmasına mane olur.

Enerji mütəxəssislərinin sözlərinə görə, batareyaların önündəki divan və digər iri əşyalar istiliyin otağın digər hissələrinə yayılmasını çətinləşdirir. Nəticədə otağın isinməsi daha uzun çəkə bilər.

Bu səbəbdən istilik batareyalarının qarşısını açıq saxlamaq, divan və iri dolabları onlardan uzaqda yerləşdirmək tövsiyə olunur. Beləliklə, isti hava otaqda daha sərbəst dövr edir.

Batareyaların qarşısının mebellərlə bağlanması otağın lazımi temperatura çatmasını çətinləşdirə və istilik sisteminin daha uzun müddət işləməsinə səbəb ola bilər. Bu isə enerji sərfiyyatını artırır.

Mütəxəssislər temperaturu davamlı artırmaq əvəzinə, istilik batareyalarının ətrafını açıq saxlamağı məsləhət görürlər. Həmçinin batareyaların havasını almaq və termostatın düzgün işlədiyini yoxlamaq da faydalıdır.

Bu sadə addımlar istilik sistemindən daha səmərəli istifadə etməyə və evdə komfortlu temperaturu qorumağa kömək edə bilər.