Azərbaycanda 2026-cı ilin ilk 9 ayı ərzində 620 yeni dövlət standartı qəbul olunub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 3 dəfə çoxdur.

Metbuat.az xəbər verir ki, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini İlqar Həsənov bildirib.

Onun sözlərinə görə, 2025-ci ilin yanvar-sentyabr aylarında 221 dövlət standartı qəbul edildiyi halda, cari ilin eyni dövründə bu rəqəm 620-yə yüksəlib.

Qəbul edilmiş yeni standartlardan 92-si nəqliyyat, 62-si qida texnologiyası və kənd təsərrüfatı, 43-ü isə mebel sahəsini əhatə edib. İlqar Həsənov bildirib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiqlənmiş Milli Standartlaşdırma Sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2020–2025-ci illər üçün Dövlət Proqramı ölkədə keyfiyyət infrastrukturunun inkişafında mühüm rol oynayıb.

Onun sözlərinə görə, proqram çərçivəsində milli standartlaşdırma sisteminin təkmilləşdirilməsi, beynəlxalq təcrübə əsasında texniki tənzimləmə sisteminin yaradılması, dövlət standartlarının beynəlxalq standartlarla uyğunlaşdırılması və normativ-hüquqi bazanın gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilib.

Sədr müavini vurğulayıb ki, beynəlxalq standartlara uyğunlaşma yerli istehsalçıların xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Belə ki, ixrac zamanı müxtəlif ölkələrin texniki tələblərinə uyğunluğun təmin edilməsi əlavə sınaqların, sənədləşmənin və uyğunluğun qiymətləndirilməsi prosedurlarının həyata keçirilməsini tələb edə bilər. Texniki tələblərin beynəlxalq standartlar əsasında uyğunlaşdırılması isə istehsalçıların əlavə xərclərinin və təkrar sınaqların azaldılmasına şərait yaradır.

İlqar Həsənov qeyd edib ki, növbəti mərhələdə standartların sayının artırılması ilə yanaşı, onların iqtisadiyyatın ehtiyaclarına uyğunlaşdırılması, sahibkarlıq subyektləri üçün əlçatanlığının genişləndirilməsi və praktik tətbiqinin təşviqi diqqət mərkəzində saxlanılacaq. O, Azərbaycan Standartlaşdırma İnstitutunun beynəlxalq səviyyədə rolunun artdığını da diqqətə çatdırıb.

Bildirib ki, Azərbaycan mütəxəssisləri Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) 107 texniki komitəsinin fəaliyyətində fəal iştirak edir, beynəlxalq standartların hazırlanması və müzakirəsinə töhfə verirlər.

Bununla yanaşı, Azərbaycan Standartlaşdırma İnstitutunun Beynəlxalq Elektrotexniki Komissiya (IEC) ilə əməkdaşlığı da genişlənir. Azərbaycan 2026-cı il yanvarın 1-dən IEC-nin assosiativ üzvüdür. Sədr müavininin sözlərinə görə, bu üzvlük ölkənin beynəlxalq texniki bilik və təcrübə mübadiləsində iştirak imkanlarını artırır, standartlara çıxışı və texniki komitələrlə əməkdaşlığı genişləndirir.

İlqar Həsənov qarşıdakı dövrdə standartlaşdırma sahəsində yeni prioritetlərin müəyyənləşdirildiyini də açıqlayıb. Onun sözlərinə görə, rəqəmsallaşma, süni intellekt, yaşıl iqtisadiyyat, yaşıl enerji, ətraf mühitin mühafizəsi, resurslardan səmərəli istifadə və enerji səmərəliliyi sahələrində yeni standartların qəbul edilməsi və təşviqi planlaşdırılır.

O əlavə edib ki, Agentlik standartların əlçatanlığının artırılması, onların istehsalatda, xidmət sektorunda və idarəetmə proseslərində tətbiqinin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək. İlqar Həsənov standartlaşdırma sahəsində ictimai məlumatlılığın artırılmasında medianın rolunu da xüsusi vurğulayıb. Bildirib ki, beynəlxalq yeniliklərin, uğurlu təcrübələrin və statistik məlumatların ictimaiyyətə mütəmadi çatdırılması standartlaşdırma mədəniyyətinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.