Standartların tətbiqi müəssisələrin istehsal xərclərinin azaldılmasına, resurslardan səmərəli istifadəyə və rəqabət qabiliyyətinin artırılmasına imkan yaradır.

Metbuat.az xəbər veri ki, bunu Ümumdünya Standartlaşdırma Gününə həsr olunmuş media təlimində Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) Uyğunluğun qiymətləndirilməsi və idarəetmə sistemlərinin metodologiyası şöbəsinin müdiri Gülbacı Əliyeva bildirib.

Onun sözlərinə görə, standartların tətbiqi iş proseslərinin düzgün və ardıcıl şəkildə həyata keçirilməsini təmin edir, mal və materiallardan israfçılıqla istifadənin qarşısını alır. “Standartların tətbiqi resurslardan daha səmərəli istifadəyə şərait yaradır. Bu isə müəssisələrin əlavə xərclərinin azalmasına və fəaliyyətlərinin səmərəliliyinin yüksəlməsinə kömək edir”, – deyə o qeyd edib.

Gülbacı Əliyeva bildirib ki, standartlara uyğun fəaliyyət göstərmək biznes subyektlərinə rəqabət üstünlüyü də qazandırır.

Onun sözlərinə görə, xüsusilə beynəlxalq bazarlarda fəaliyyət göstərən şirkətlər üçün standartlara uyğunluq məhsulların daha geniş bazarlarda tanınmasına, satış imkanlarının genişlənməsinə və yeni müştərilərə çıxışın asanlaşmasına şərait yaradır.

O əlavə edib ki, bütün bunlar şirkətlərin satış həcminin artmasına, bazardakı mövqeyinin möhkəmlənməsinə və mənfəətinin yüksəlməsinə müsbət təsir göstərir.