Xəbər verdiyimiz kimi, Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb. Vüqar Zifəroğlu Mətbuat Şurasının (MŞ) yeni sədri seçilib.

Metbuat.az yeni sədr Vüqar Zifəroğlunun dosyesini təqdim edir.

Vüqar Zifəroğlu (Əliyev) 1978-ci ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə 190 nömrəli orta məktəbi bitirib. 1995-2001-ci illərdə Bakı Dövlət Universitetində Beynəlxalq Jurnalistika ixtisası üzrə bakalavr və magistr təhsili alıb.

Müxtəlif media orqanlarında çalışmış V.Zifəroğlu 2001-ci ildən BDU Jurnalistika fakültəsində dərs deyir və 2017-ci ildən fakültənin dekanıdır.

2005-ci ildə namizədlik, 2017-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, filologiya elmləri doktorudur. İki monoqrafiya, üç dərs vəsaiti, bir bədii roman və üç tarixi araşdırma kitabının müəllifidir.

2019-cu ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən təsis edilmiş "BDU-100" yubiley medalı ilə, 2020-ci ildə isə Azərbaycan Respublikasının Əməkdar jurnalisti fəxri adı ilə təltif olunub.

Qeyd edək ki, Vüqar Zifəroğlu Azərbaycan Mətbuat Şurasının sədri seçilməzdən əvvəl qurumun sədr müavini vəzifəsində çalışıb.