Şirkətlərdə süni intellektin (AI) effektiv tətbiqi üçün yalnız texnoloji həllərin əldə olunması kifayət deyil. Bunun üçün müəssisələrin daxili idarəetmə sistemləri, məlumat infrastrukturu və monitorinq mexanizmləri də müasir tələblərə uyğunlaşdırılmalıdır.
Metbuat.az xəbər verir ki, bu barədə "Mastercard Advisors and Consulting Services"in direktoru İlkər Kurtuluş “reTHINK RISK” beynəlxalq forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, süni intellektin tətbiqindən əvvəl şirkətlərin bu texnologiyaya hazırlıq səviyyəsi qiymətləndirilməlidir:
“İlk növbədə, şirkətin süni intellektə yanaşmasının olub-olmadığını müəyyənləşdirmək lazımdır. Daxili proseslərimiz buna hazırdırmı? Müvafiq komandalar formalaşdırılıbmı? Monitorinq apara bilirikmi? Bütün bunlar qiymətləndirilməlidir”, – deyə o qeyd edib.
İ.Kurtuluş bildirib ki, dünyada innovasiya və rəqəmsallaşma proseslərinin sürətlənməsi şirkətlərin fəaliyyət modellərinə yenidən baxmasını zəruri edir.
Onun sözlərinə görə, bu məqsədlə süni intellektin tətbiqinə hazırlığı qiymətləndirən xüsusi çərçivələrdən (AI framework) istifadə mühüm əhəmiyyət daşıyır. Belə yanaşma müəssisələrin mövcud imkanlarını, çatışmazlıqlarını və inkişaf istiqamətlərini müəyyənləşdirməyə kömək edir.
Mastercard rəsmisi vurğulayıb ki, süni intellekt həlləri hazırlanarkən hər bir şirkətin fəaliyyət xüsusiyyətləri və ehtiyacları nəzərə alınmalıdır.
O əlavə edib ki, məlumatların düzgün toplanması, keyfiyyətinin təmin edilməsi və davamlı izlənilməsi süni intellekt sistemlərinin səmərəli fəaliyyətinin əsas şərtlərindəndir.
İ.Kurtuluşun sözlərinə görə, şirkətlər texnoloji infrastrukturu inkişaf etdirməklə yanaşı, məlumatların idarə olunması üzrə aydın prosedurlar da müəyyənləşdirməlidirlər. Bu, süni intellektin mövcud biznes proseslərinə inteqrasiyasını daha sistemli şəkildə həyata keçirməyə imkan verə bilər.