Bu gün qarşımızda çox güclü komanda var idi. “Neftçi” yaxşı kollektiv təsiri bağışladı və bizə öz oyunumuzu göstərməyə imkan vermədi. Rəqib yaxşı mübarizə apardı. Bununla yanaşı, bizim də çatışmazlıqlarımız var.

Metbuat.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın VIII tur oyunundan (3:3) sonra təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis “Neftçi”nin gücləndiyini və qarşıda uzun çempionat marafonunun olduğunu bildirib: “Yeni gələn futbolçularımızın tam uyğunlaşması üçün zamana ehtiyac var. Çempionat fərqlidir, məşqçilərin yanaşmaları da dəyişir. Buna baxmayaraq, futbolçularımız xarakter göstərdilər və əllərindən gələni etməyə çalışdılar. Onların daha yaxşı oynamaq üçün potensialı var. İnanıram ki, qarşıdakı oyunlarda səviyyəmizi yüksəldə biləcəyik. Bu gün “Sabah” və ya “Neftçi” ilə qarşılaşdığımızı düşünüb öz gücümüzə şübhə etsəydik, bu, düzgün yanaşma olmazdı. Qarşıda bizi uzun marafon gözləyir. Futbolçularımızın indiki səviyyələrindən daha yaxşı çıxış etmək imkanları var”.

Onun sözlərinə görə, həm “Sabah”, həm də “Neftçi” tamamilə fərqli səviyyəyə yüksəlib və fərqli futbol oynayır: “Buna görə biz daha çox çalışmalı, futbolçularımıza daha ciddi yanaşmalıyıq. Bu çempionatda asan oyun və zəif rəqib yoxdur. Təkcə “Sabah” və “Neftçi”ni düşünmək olmaz. “Turan Tovuz”, “Zirə”, “Şamaxı”, “Sumqayıt” və digər komandalar da yaxşı nəticələr qazanmağa çalışır. Hər bir komandanın öz gücü, məşqçiləri və iddiaları var. Mövsümün sonunadək mübarizəmizi davam etdirərək yaxşı nəticələr qazanmağa çalışacağıq”.

Qeyd edək ki, bu nəticədən sonra “ağ-qaralar" 17 xalla turnir cədvəlinin ikinci, eyni xala malik “köhlən atlar" isə üçüncü pillədə qalıb.