Yaponiyanın ilk qadın baş naziri Sanae Takaiçi iş və ailə məsuliyyətinin yaratdığı çətinliklərdən danışıb. Hökumət başçısı gündəlik ev işlərinin və intensiv iş qrafikinin onsuz da ağır olan iş yükünü daha da artırdığını bildirib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, xanım baş nazir bildirib ki, kişilərlə müqayisədə qadınların üzərinə düşən əlavə məsuliyyətlər onların daha çox vaxt və enerji sərf etməsinə səbəb olur.

Takaiçi deyib ki, işə başlamazdan əvvəl yemək hazırlamaq, qab-qacaq yumaq və makiyaj etmək kimi gündəlik işlərə də vaxt ayırmalı olur: "Evdə vaxtımın çoxu yemək bişirməyə, qab-qacaq yumağa gedir".

Baş nazir gündə cəmi iki-dörd saat yata bildiyini açıqlayıb. O, sıx iş qrafikinin və davamlı hazırlıq prosesinin sağlamlığına, eləcə də dərisinin vəziyyətinə mənfi təsir göstərdiyini diqqətə çatdırıb.

Takaiçi daha əvvəl vəzifəyə başladıqdan sonra iş və şəxsi həyat arasında balansı qorumaqdan böyük ölçüdə imtina etdiyini də dilə gətirib. Onun fikrincə, belə bir rejim ölkənin gələcəyinə fokuslanmağı və genişmiqyaslı planlar hazırlamağı çətinləşdirir.

Baş nazirin açıqlamaları Yaponiyada qadınların üzləşdiyi gündəlik məsuliyyətlər məsələsini yenidən gündəmə gətirib. Ölkədə uzun iş saatları geniş yayılıb, ev işləri və ailə üzvlərinə qayğı ilə bağlı öhdəliklər isə ənənəvi olaraq daha çox qadınların üzərinə düşür.

Məlumata görə, parlament iclaslarının müddətinin qısaldılması məsələsi də müzakirəyə çıxarılıb. Bununla yanaşı, Takaiçinin açıqlamaları sosial şəbəkələrdə mübahisələrə səbəb olub. Bəzi istifadəçilər onun əvvəlki açıqlamalarında yeməkləri həyat yoldaşının hazırladığını söyləməsini xatırladaraq ziddiyyətə diqqət çəkiblər.