“Biz həmişə Azərbaycan-Türkiyə münasibətlərinə böyük önəm vermişik. Qardaşlıq münasibətlərimiz və strateji müttəfiqliyimiz var. Amma bu gün Azərbaycanın daxili işlərinə heç kimin qarışmaq haqqı yoxdur”.
Bunu Metbuat.az-a açıqlamasında politoloq Tural İsmayılov Türkiyədə bəzi partiya sədrlərinin və media nümayəndələrinin Azərbaycanla bağlı qərəzli fikirlərinə münasibət bildirən zaman deyib. O deyib ki, qardaşlıq, müttəfiqlik bir ölkənin daxili işlərinə qarışmaq demək deyil:
“Hansısa partiya sədrlərinin, media nümayəndələrinin Türkiyədə oturub Azərbaycanın daxili işləri ilə bağlı, özü də məlumatları natamam, yarımçıq şəkildə təqdim etməsi nə deməkdir? Bu, bizim qardaşlıq münasibətlərimizə, Azərbaycan dövlətinin və Azərbaycan cəmiyyətinin Türkiyəyə olan sayğılı, sevgili münasibətinə adekvat deyil".
Politoloq qeyd edib ki, Türkiyədə fəaliyyət göstərən bəzi siyasətçilərin və media nümayəndələrinin Azərbaycanla bağlı məsələlərə münasibət bildirərkən daha diqqətli olması vacibdir.
“Axı o boyda siyasətçilər, partiya rəhbərləri, media nümayəndələri, sosial mediada hərəsi Azərbaycanla bağlı bir post yazır. Nazirlər Kabinetinin vahid məktəbli geyim forması ilə bağlı aldığı qərar var. Bunun Türkiyəyə nə aidiyyəti var? Gündə Türkiyədə 100 belə hadisə baş verir. Biz nəsə deyirikmi? Azərbaycan ictimaiyyəti olaraq ümid edirəm ki, bu hadisə tezliklə sona çatar”, - deyə politoloq əlavə edib.