“Ermənistan regionda baş verən proseslərdən öz siyasi məqsədləri üçün istifadə etməyə çalışır. Azərbaycanla Türkiyə arasında münasibətlərdə müəyyən gərginliyin müşahidə olunduğu bir vaxtda Ermənistanın baş naziri Nikol Paşinyanın sülh sazişinin imzalanmasının 2031-ci ilə qədər uzana biləcəyi barədə açıqlamaları təsadüfi görünmür”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.

Deputatın sözlərinə görə, Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanması qarşısında dayanan əsas məsələlərdən biri Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasıdır:

“Paşinyan əvvəlki açıqlamalarında yeni konstitusiya layihəsinin bu ilin sonuna qədər ictimai müzakirəyə çıxarılacağını, gələn ilin əvvəlində isə referendumun keçiriləcəyini bildirirdi. Lakin indi sülh sazişinin imzalanmasının 2031-ci ilə qədər uzana biləcəyindən danışması müəyyən suallar doğurur. Hesab edirəm ki, Paşinyan prosesi uzatmaqla vaxt qazanmağa və mövcud vəziyyətdən siyasi maraqları naminə yararlanmağa çalışa bilər. Halbuki onun 2031-ci ilə qədər hakimiyyətdə qalacağına heç kim təminat verə bilməz”.

Paşinyan fikir ayrılığından yararlanmağa çalışır -

Fotoda: Ermənistanın baş naziri Nikol Paşinyan

Azər Badamov qeyd edib ki, Ermənistan rəhbərliyi Azərbaycanla Türkiyə arasında yaranmış müəyyən fikir ayrılıqlarını fürsət kimi qiymətləndirməməlidir:

“Azərbaycan-Türkiyə qardaşlığı möhkəm tarixi və strateji təməllərə əsaslanır. İki ölkə arasında müəyyən fikir ayrılıqları yarana bilər, lakin bu, münasibətlərin mahiyyətini dəyişmir. Əminəm ki, mövcud fikir ayrılıqları müvəqqəti xarakter daşıyır. Azərbaycan və Türkiyə ortaq maraqlarına qarşı yönələn təhdidlərə münasibətdə həmrəyliyini qoruyacaq”.

Millət vəkili vurğulayıb ki, sülh sazişinin imzalanmasının gecikməsi ilk növbədə Ermənistanın maraqlarına ziddir. Onun sözlərinə görə, Azərbaycan ərazisi üzərindən Ermənistana tranzit imkanlarının yaradılması və neft məhsullarının ixracı istiqamətində atılan addımlar münasibətlərin normallaşması baxımından əhəmiyyətli olsa da, davamlı sülhün tam təminatı hesab edilə bilməz.

“Bu imkanların uzunmüddətli və dayanıqlı olması üçün münasibətlərin hüquqi və siyasi əsasları möhkəmləndirilməlidir. Ermənistan sülh prosesini siyasi manipulyasiya vasitəsinə çevirməməlidir. Əks halda, regional kommunikasiyaların tam açılması, iqtisadi inteqrasiyanın genişlənməsi və Ermənistanın mövcud təcrid vəziyyətindən çıxması daha da çətinləşəcək”, - deyə deputat bildirib.

Azər Badamov əlavə edib ki, Ermənistanın Azərbaycan-Türkiyə münasibətlərindəki fikir ayrılıqlarından yararlanmaq cəhdləri sülh prosesini sürətləndirməyəcək:

“Davamlı sülhə nail olmaq üçün Ermənistan siyasi bəyanatlardan daha çox konkret addımlara üstünlük verməlidir. Konstitusiya ilə bağlı məsələlər həll edilməli, üzərinə götürülən öhdəliklərin yerinə yetirilməsində real siyasi iradə nümayiş etdirilməlidir. Yalnız bu halda regionda uzunmüddətli sülhün və iqtisadi əməkdaşlığın möhkəm əsaslarını formalaşdırmaq mümkün olacaq”.