İlin sonuna yaxınlaşdıqca çalışanları maraqlandıran məsələlərdən biri də 13-cü maaşın ödənilib-ödənilməyəcəyidir.

Bəzi müəssisələrdə ilin yekunlarına görə işçilərə əlavə mükafat verilsə də, bu ödəniş Azərbaycanda bütün əməkdaşlar üçün məcburi xarakter daşımır.

Bəs kimlər 13-cü maaş ala bilər və işəgötürən hansı hallarda bu pulu ödəməlidir?

Metbuat.az Sfera.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində “13-cü maaş” adı ilə ayrıca və məcburi ödəniş nəzərdə tutulmayıb. Bununla belə, qanunvericilik işəgötürənlərə işçiləri ilin nəticələrinə, əmək fəaliyyətinin keyfiyyətinə və digər göstəricilərə görə mükafatlandırmaq imkanı verir.

Əmək Məcəlləsinin 157-ci maddəsinə əsasən, işçilərin maddi marağını artırmaq məqsədilə il ərzində görülən işin yekunlarına görə mükafat və digər həvəsləndirmə formaları tətbiq edilə bilər. Həmin maddədə əməkhaqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı ilə yanaşı, əlavələr və mükafatların da daxil olduğu göstərilir.

13-cü maaş kimlərə verilə bilər?

Bu ödəniş, əsasən, müəssisə və təşkilatlarda mükafatlandırma sistemi tətbiq edilən işçilərə şamil olunur. Belə ki, əməkdaşın il ərzindəki fəaliyyətinin nəticələri, iş keyfiyyəti və müəssisədaxili qaydalara əməl etməsi mükafatlandırma zamanı nəzərə alına bilər.

Əmək Məcəlləsinin 185-ci maddəsinə görə, əmək funksiyasını yüksək peşəkarlıq səviyyəsində yerinə yetirən və müəssisədaxili intizam qaydalarına əməl edən işçilər müxtəlif həvəsləndirmə vasitələri ilə mükafatlandırıla bilərlər. Bunlara pul və ya qiymətli əşyalar verilməsi, əməkhaqqına fərdi əlavələr, əlavə məzuniyyət və digər həvəsləndirmə vasitələri daxildir.

Bu baxımdan, 13-cü maaş dövlət və ya özəl sektorda çalışan bütün işçilərə avtomatik şamil edilən ödəniş deyil. Onun verilməsi işəgötürənin müəyyən etdiyi mükafatlandırma qaydalarından və müvafiq müqavilə şərtlərindən asılıdır.

İşəgötürən 13-cü maaşı ödəməyə borcludurmu?

Əmək Məcəlləsinin 158-ci maddəsinə əsasən, əməyin ödənilməsi sistemləri, mükafatlar və digər həvəsləndirici ödənişlərin miqdarı kollektiv və əmək müqavilələri ilə müəyyən edilir. Kollektiv müqavilə olmadığı hallarda bu məsələlər əmək müqaviləsi və ya işəgötürənlə həmkarlar ittifaqı təşkilatı arasında razılaşma əsasında tənzimlənə bilər.

Deməli, əmək müqaviləsində, kollektiv müqavilədə və ya müəssisənin müvafiq daxili sənədlərində ilin sonunda mükafat ödənilməsi nəzərdə tutulubsa, işçi həmin şərtlər əsasında ödəniş tələb edə bilər. Belə bir öhdəlik müəyyən edilməyibsə, işəgötürənin bütün əməkdaşlara 13-cü maaş verməsi qanunla məcburi deyil.

Büdcədən maliyyələşdirilən müəssisələrdə çalışanların əməyinin ödənilməsi sistemi və məbləğləri isə qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu da həmin müəssisələrdə çalışan hər kəsə avtomatik olaraq 13-cü maaş verilməsi demək deyil.

13-cü maaşın məbləği nə qədər olur?

Qanunvericilikdə bu ödəniş üçün vahid məbləğ müəyyən edilməyib. Müəssisələrdə tətbiq olunan qaydalardan asılı olaraq işçiyə bir aylıq əməkhaqqı həcmində, müəyyən faizlə və ya sabit məbləğdə mükafat verilə bilər.

Beləliklə, Azərbaycanda 13-cü maaş almaq bütün işçilərin avtomatik hüququ hesab edilmir. Əsas məsələ bu ödənişin əmək münasibətlərini tənzimləyən sənədlərdə nəzərdə tutulub-tutulmamasıdır. İşçilərə tövsiyə olunur ki, ilin sonunda əlavə mükafat gözləyirlərsə, əmək müqavilələrinin və müəssisədaxili mükafatlandırma qaydalarının müvafiq şərtləri ilə tanış olsunlar.