Avtomobil dünyasının ən qeyri-adi modellərindən biri olan Peel P50 yenidən gündəmə gəlib. Dünyanın ən kiçik seriyalı istehsal avtomobili kimi “Ginnesin Rekordlar Kitabı”na düşən bu nadir model noyabrın 14-də İngiltərədə keçiriləcək hərracda satışa çıxarılacaq.

Metbuat.az xəbər verir ki, 1964-cü ildə istehsal edilən üçtəkərli avtomobilin 60 min funt sterlinqə satılacağı gözlənilir. Bu isə təxminən 120 min manat deməkdir.

Peel P50-nin ən diqqətçəkən xüsusiyyəti onun olduqca kiçik ölçüləridir. Avtomobilin uzunluğu cəmi 137 santimetr, eni isə 106 santimetr təşkil edir. Model yalnız bir nəfərin və kiçik alış-veriş çantasının yerləşə biləcəyi formada hazırlanıb.

Avtomobil 1964-cü ildə Man adasında fəaliyyət göstərən Peel Engineering şirkəti tərəfindən istehsal olunub. İlk satışa çıxarıldığı dövrdə onun qiyməti 199 funt sterlinq olub.

Peel P50-ni digər avtomobillərdən fərqləndirən ən maraqlı xüsusiyyətlərdən biri geri ötürməsinin olmamasıdır. Sürücü geriyə hərəkət etmək istədikdə avtomobilin arxa hissəsindəki xüsusi tutacaqdan istifadə edərək nəqliyyat vasitəsini əl ilə çevirməli olur.

49 kubsantimetrlik, iki taktlı mühərriklə təchiz edilən modelin maksimal sürəti saatda təxminən 64 kilometrdir. Üçpilləli mexaniki sürət qutusuna malik avtomobil vaxtilə qənaətcilliyi ilə reklam olunub.

1962-1965-ci illər arasında cəmi 50 ədəd istehsal edilən Peel P50-nin bu gün 30-dan az nümunəsinin qorunub saxlandığı bildirilir. Məhz bu nadirlik avtomobilin kolleksiyaçılar üçün dəyərini artırır.