Dünyanın ən çirkli şəhəri məlum olub. Hindistanın paytaxtı Yeni Dehlidə hava çirkliliyinin kritik həddə çatması şəhəri dünya üzrə ən çirkli hava müşahidə edilən ərazilər siyahısında ilk sıraya çıxarıb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Yeni Dehlidə Hava Keyfiyyəti İndeksi (AQI) 483-ə yüksəlib. Bu göstərici havanın çirklənmə səviyyəsinin təhlükəli kateqoriyaya daxil olduğunu göstərir.

Şəhərdə hava keyfiyyətinin kəskin pisləşməsi nəticəsində sıx duman müşahidə olunur. Əhalinin sağlamlığını qorumaq məqsədilə Dehli və ətraf ərazilərdəki məktəblərdə distant təhsil rejiminə keçilib.

Hava çirkliliyinin artmasına bir sıra amillərin təsir etdiyi bildirilir. Belə ki, soyuq və ağır hava kütlələri avtomobillərdən yayılan zərərli qazların, tikinti tozunun və kənd təsərrüfatı tullantılarının yandırılması nəticəsində yaranan tüstünün atmosferdə toplanmasına səbəb olur.

Yeni Dehlidə hava çirkliliyinin artmasına təsir göstərən amillərdən biri də noyabrın 8-də keçiriləcək Diwali işıq festivalıdır. Festival zamanı istifadə edilən fişənglər və digər pirotexniki vasitələr havaya əlavə zərərli maddələrin yayılmasına səbəb olur.

Hindistanda yerli hakimiyyət orqanları hava çirkliliyinin qarşısını almaq məqsədilə festival günlərində və qış aylarında fişəng istifadəsinə məhdudiyyətlər tətbiq edir. Qadağaları pozanlar üçün hətta həbs cəzası nəzərdə tutulsa da, buna baxmayaraq, bəzi sakinlər pirotexniki vasitələrdən istifadə etməyə davam edirlər.

Qeyd edək ki, Hava Keyfiyyəti İndeksi üzrə 0-50 arası göstərici yaxşı, 51-100 orta, 101-150 həssas qruplar üçün qeyri-sağlam, 151-200 qeyri-sağlam, 201-300 çox qeyri-sağlam, 301-500 isə təhlükəli hesab olunur.