Avtomobil və ya mənzili etibarnamə əsasında almaq alıcıya müəyyən rahatlıq yaratsa da, bu üsul ciddi hüquqi risklərlə müşayiət olunur. Əsas təhlükə isə ondan ibarətdir ki, etibarnamə əmlakın mülkiyyət hüququnu alıcıya keçirmir. Yəni şəxs pul ödəsə belə, hüquqi baxımdan həmin əmlakın sahibi olmaya bilər.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc məlumat verib.

Ekspert bildirib ki, avtomobil və ya mənzilin qanuni mülkiyyətçisinə çevrilmək üçün alqı-satqı əməliyyatı qanunvericiliyin müəyyən etdiyi qaydada rəsmiləşdirilməlidir.

Vüqar Oruc etibarnamə ilə əmlak əldə etməyin bir sıra təhlükələrinə diqqət çəkib.

Etibarnaməni verən şəxs qanunvericiliyə uyğun olaraq sənədi istənilən vaxt ləğv edə bilər. Bu baş verdikdə, əmlak üçün pul ödəmiş şəxs həmin sənəd əsasında istifadə etdiyi səlahiyyətləri itirir. Nəticədə, ödədiyi vəsaitin geri qaytarılması ilə bağlı hüquqi mübahisə yarana bilər. Etibarnaməni verən şəxsin vəfat etməsi sənədin qüvvəsinə xitam verir. Bu halda əmlak vərəsəlik predmetinə çevrilir və onu əldə etdiyini düşünən şəxs mərhumun varisləri ilə mübahisə yaşaya bilər.

Əvvəlki mülkiyyətçinin borcları, məhkəmə qərarları və əmlak üzərindəki hüquqi məhdudiyyətlər də alıcının maraqlarına təsir edə bilər. Xüsusilə avtomobilin və ya mənzilin üzərində həbs və digər yüklülüklərin olması əlavə problemlərə səbəb ola bilər.

Etibarnamə əsasında əldə edilən əmlakın başqa şəxsə satılması, girov qoyulması və mülkiyyət hüququnun rəsmiləşdirilməsi zamanı da çətinliklər ortaya çıxa bilər.

Ekspert vətəndaşlara belə əməliyyatlar zamanı ehtiyatlı olmağı, əmlakın hüquqi vəziyyətini əvvəlcədən araşdırmağı və yalnız etibarnamə ilə kifayətlənməməyi tövsiyə edir.

Beləliklə, avtomobil və ya mənzil alarkən ən vacib məqam pulun ödənilməsi deyil, mülkiyyət hüququnun qanuni qaydada alıcının adına keçirilməsidir.