Azərbaycanda dövlət xidmətlərinin və iş proseslərinin tam rəqəmsallaşdırılması əsas prioritet istiqamətlərdən biridir.

Metbuat.az xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədr müavini Şahin Əliyev “Media üçün Rəqəmsal Səriştələr” təlimində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, rəqəmsal inkişafla bağlı dövlət proqramlarında xidmətlərin tam rəqəmsallaşdırılması, məlumatlara əsaslanan qərarvermə sistemlərinin tətbiqi və dövlət sektorunda müxtəlif rəqəmsal platformaların inteqrasiyası əsas hədəflər sırasındadır.

Şahin Əliyev qeyd edib ki, dövlət qurumlarının məlumat bazalarının rəqəmsallaşdırılması və elektron xidmətlərdən istifadə imkanlarının genişləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir.

O əlavə edib ki, əhalinin rəqəmsal savadlılığının artırılması, vətəndaşların elektron dövlət xidmətlərindən daha səmərəli istifadəsinin təmin edilməsi də əsas vəzifələrdəndir.