Azərbaycanda innovasiya və informasiya təhlükəsizliyi sahəsində dövlət qurumları, universitetlər və mütəxəssislər arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyət davam etdirilir.
Metbuat.az xəbər verir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İnformasiya Təhlükəsizliyi departamentinin müdir müavini İlkin Əzizov “Media üçün Rəqəmsal Səriştələr” təlimində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu istiqamətdə əsas məqsədlərdən biri müxtəlif qurumların, mütəxəssislərin və təhsil müəssisələrinin potensialını bir araya gətirərək birgə fəaliyyət imkanlarını genişləndirməkdir.
İlkin Əzizov qeyd edib ki, universitetlərlə əməkdaşlıq və tələbələrin mövcud potensialından istifadə olunması bu sahədə mühüm əhəmiyyət daşıyır. Belə əməkdaşlıq həm gənc mütəxəssislərin inkişafına, həm də innovativ təşəbbüslərin dəstəklənməsinə imkan yaradır.
İRİA rəsmisi, həmçinin müxtəlif proqramlar çərçivəsində əməkdaşlığın davam etdirilməsindən və bu istiqamətdə platformaların inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb.
O vurğulayıb ki, müvafiq sahədə beynəlxalq təcrübənin öyrənilməsi və əldə olunan biliklərin yerli mühitdə tətbiqi də diqqət mərkəzində saxlanılan məsələlərdəndir.