Azərbaycanda innovativ layihələr hazırlayan startapların və özəl şirkətlərin dəstəklənməsi istiqamətində yeni imkanların yaradılması nəzərdə tutulur.
Metbuat.az xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədr müavini Şahin Əliyev “Media üçün Rəqəmsal Səriştələr” təlimində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, innovasiya ekosisteminin inkişaf etdirilməsi rəqəmsal inkişaf siyasətinin əsas istiqamətlərindən biridir.
"Startaplar və şirkətlər müxtəlif sahələrdə əlavə dəyər yarada biləcək innovativ layihələr təqdim edirlər. Bu layihələrin qiymətləndirilməsi əsasında onların reallaşdırılmasına müvafiq dəstək göstərilməsi nəzərdə tutulur. İnnovativ həllər təqdim edən şirkətlər nəqliyyat, səhiyyə, maliyyə bazarları və digər sahələrdə fəaliyyət göstərirlər".
Sədr müavini əlavə edib ki, əsas məqsəd innovativ ideyaların praktik tətbiqinə şərait yaratmaq, startapların inkişafını stimullaşdırmaq və ölkədə innovasiya ekosistemini gücləndirməkdir.