Qış aylarında telefonun enerji səviyyəsinin normaldan daha sürətlə azalması istifadəçilərin tez-tez qarşılaşdığı problemlərdəndir. Xüsusilə açıq havada uzun müddət qalan cihazlarda enerji səviyyəsi qısa zamanda aşağı düşə, hətta telefon qəfil sönə bilər.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bunun əsas səbəbi smartfonlarda istifadə olunan litium-ion batareyaların aşağı temperaturda fəaliyyətinin zəifləməsidir.

Temperatur düşdükdə batareyanın daxilindəki litium ionlarının hərəkəti yavaşlayır. Nəticədə batareyanın enerji təmin etmək qabiliyyəti azalır və telefonun enerji səviyyəsi daha sürətlə aşağı düşür. Lakin bu təsir hər zaman qalıcı olmur. Cihaz normal temperatura qayıtdıqda batareyanın performansı da böyük ölçüdə bərpa edilir.

Litium-ion batareyalar təxminən 19-25 dərəcə temperaturda daha səmərəli işləyir. Sıfır dərəcədən aşağı temperaturda isə onların performansı nəzərəçarpacaq dərəcədə zəifləyə bilər. Belə şəraitdə telefonu şarj etmək də batareyaya zərər verə bilər. Buna görə soyuqdan gələn cihazın otaq temperaturuna çatmasını gözləmək tövsiyə olunur.

Telefonun enerji səviyyəsinin tez azalmasının qarşısını almaq üçün cihazı montun daxili cibində saxlamaq, enerjiyə qənaət rejimini aktivləşdirmək və istifadə olunmayan tətbiqləri məhdudlaşdırmaq məsləhətdir.

Bundan başqa, telefonu uzun müddət soyuq havada saxlamamaq vacibdir. Soyuq cihazı fenlə və ya kaloriferin üzərində qızdırmaq olmaz. Onun otaq temperaturuna tədricən uyğunlaşması gözlənilməlidir. Uzun müddət çöldə qalacaq şəxslərin yanlarında portativ enerji cihazı saxlaması da faydalı ola bilər.