Danimarkanın Lesö adasında əsrlər əvvəl ağac çatışmazlığı səbəbindən yaranan qeyri-adi tikinti ənənəsi bu gün davamlı memarlığın nümunəsi kimi diqqət çəkir. Adada evlərin damları kirəmit və ya betonla deyil, sahilə çıxan dəniz otları ilə örtülür. Maraqlıdır ki, bu təbii materialla hazırlanan bəzi damlar 300 ildən artıqdır öz möhkəmliyini qoruyur.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, XVII əsrdə ağac ehtiyatlarının azalması səbəbindən adada evlərin damları sahilə çıxan dəniz otları ilə örtülməyə başlanıb. Zostera marina adlı bitkidən hazırlanan damların qalınlığı bir metrdən çox, çəkisi isə 35-40 ton olur.
Dəniz otları toplandıqdan sonra təxminən altı ay qurudulur, daha sonra kəndir formasına salınaraq dam örtüyünün hazırlanmasında istifadə edilir. Bu üsulla tikilən bəzi evlərin damları 300 ildən artıqdır qorunub saxlanılır.
XX əsrin əvvəllərində adadakı evlərin əksəriyyətinin damı dəniz otu ilə örtülmüşdü. Lakin 1920-ci illərdə dəniz çəmənliklərinə yayılan göbələk xəstəliyi bu ənənənin tədricən unudulmasına səbəb olub. Hazırda adada dəniz otu damlı cəmi 36 ev qalıb.
2012-ci ildən etibarən usta Henning Johansen bu ənənəni yenidən yaşatmağa çalışır. Onun sözlərinə görə, əvvəllər 40-50 qadının bir günə hazırladığı damı hazırda beş nəfərlik komanda təxminən 21 günə tamamlayır.
Dəniz otuna marağın artması onun təbii xüsusiyyətləri ilə də bağlıdır. Bitkinin yüksək duz tərkibi yanğına davamlılığını artırır, düzgün qurudulduqda isə çürüməyə qarşı müqavimət göstərir. Bundan başqa, material istilik izolyasiyası təmin edir və böyümə zamanı atmosferdən karbon qazını udur.
Danimarkada çalışan amerikalı memar Kathryn Larsen də bu materialı müasir tikintidə tətbiq etməyə çalışır. O, dəniz otundan dam və fasadlarda istifadə edilə bilən xüsusi panellər hazırlayıb. Memarın 2019-cu ildə Kopenhagendə həyata keçirdiyi “The Seaweed Pavilion” layihəsində də həmin panellərdən istifadə olunub.
Dəniz otu əvvəllər Niderlandda dəniz bəndlərinin tikintisində, ABŞ-da isə evlərin istilik və səs izolyasiyasında tətbiq edilib. Hazırda bu təbii material ekoloji və uzunömürlü tikinti vasitəsi kimi yenidən diqqət mərkəzinə düşüb.