Bakı, 1 iyul, Elvira Məmmədova, AZƏRTAC
İyulun 1-də Azərbaycan Dillər Universitetində Təhsil Problemləri İnstitutunun (TPİ) təşkilatçılığı ilə “Pedaqoji kadrların peşəkarlığının yüksəldilməsi: mənəvi dəyərlərə əsaslanan təhsil” mövzusunda beynəlxalq seminar işə başlayıb.
AZƏRTAC xəbər verir ki, respublikanın təhsil işçilərinin iştirak etdikləri seminarın açılışında TPİ-nin direktoru Qulu Novruzov institutun fəaliyyətindən, ölkəmizdə təhsil sahəsində aparılan islahatlardan danışıb, tədbirin işinə uğurlar arzulayıb.
Bildirilib ki, dörd gün davam edəcək tədbirdə Danimarkanın Kopenhagen şəhərindəki ESSE İnstitutunun direktoru, professor Marianna Meyer, direktorun müavini, almaniyalı Petra Fon Kalinovski və institutun təlimçisi, pedaqogika üzrə fəlsəfə doktoru Anita Fridrixin məruzələri dinləniləcək.
Seminarın ilk günü beynəlxalq təlimçilər “Ümumbəşəri dəyərlərə əsaslanan təhsil: inteqral təhsil”, “Ümumbəşəri dəyərlərə əsaslanan təhsil fəlsəfəsi: “Edukea” konsepsiyası” və “Müəllim ümumbəşəri dəyərlərin nümunəsi kimi” mövzularında məruzələrlə çıxış edəcəklər.