"Avropanın Azərbaycana ehtiyacı var"

"Avropanın Azərbaycana ehtiyacı var"
17:37 23 Yanvar 2015
180 Digər
Ölkə mətbuatı
A- A+

Siyasilər prezidentin Almaniyaya səfərini ölkəmizin etibarlı tərəfdaş olmasının təsdiqi kimi qiymətləndirirlər
Prezident İlham Əliyevin yanvarın 20-də Almaniya Federativ Respublikasına işgüzar səfər reallaşdırdığı barədə xəbər vermişdik. Səfərinin ilk günü AFR xarici işlər üzrə federal nazir və Münhen Beynəlxalq Təhlükəsizlik Konfransının sədri ilə danışıqlar aparan ölkə başçısı növbəti gün kansler Angela Merkel ilə görüşüb. Görüşdən sonra isə mətbuat nümayəndələri üçün brifinq keçirilib. Əvvəlcə Azərbaycan-Almaniya münasibətlərindən danışan prezidentin toxunduğu mövzulardan biri də enerji sahəsi olub. O, daha sonra xatırladıb ki, Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür və qurum qarşısında götürdüyü öhdəlikləri vaxtlı-vaxtında və şərəflə yerinə yetirir.

İlham Əliyev onu da nəzərə çatdırıb ki, Azərbaycanda tənqidi fikrə görə heç kim təqib olunmur. Bu mövzuda fikirlərini bizimlə bölüşən partiya sədrləri də qeyd edirlər ki, prezident brifinq zamanı ona ünvanlanan suallara konkret cavab verdi və onu təxribata çəkmək istəyənlərin planları nəticəsiz qaldı.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev dedi ki, təəssüf ki, bu dəfə də brifinq zamanı ölkəmizə mənfi imic qazandırmağa çalışan şəxslərin canfəşanlığını gördük: “Həqiqətən də ölkədə nəinki söz azadlığı, digər azadlıqlar da təmin olunur. Nə yazıq ki, bunun əksini sübut etməyə çalışan şəxslər var. Qanun hamı üçündür və hər kəs qanun qarşısında bərabərdir. Digər sahənin nümayəndələri kimi, jurnalistlər də nöqsanlara yol verdikləri vaxt məsuliyyətə cəlb olunurlar. Amma kimlərsə bunu jurnalistlərin təqib olunması faktı adlandırırlar. Heç harada yazılmayıb ki, jurnalistlər qanunlara əməl etməkdən azaddırlar. Azərbaycanda heç kimin azadlığı əlindən alınmayıb. Ölkədə həm elektron, həm də ənənəvi mətbuat xeyli inkişaf edib. Əhalinin təxminən, 75 faizi internetdən istifadə edir. Düşünürəm ki, prezident bu haqda verilən suala kifayət qədər yaxşı cavab verdi. Ola bilsin ki, kimlərsə narahat olub ki, Azərbaycanın böyük dövlətlərlə əməkdaşlığı genişlənəcək, Qərblə münasibət yaxşılaşacaq. Amma narahat olmağa dəyməz, onsuz da Azərbaycanı Avropa üçün dəyərsiz edə bilməyəcəklər”.

F.Quliyevin fikrincə, bunun başlıca səbəbi ölkəmizin Avropanın enerji təminatında əvəzsiz rola malik olmasıdır: “Onlar da anlayırlar ki, Azərbaycanı itirə bilməzlər. Ölkəmiz enerji təhlükəsizliyi məsələsində əvəzsiz tərəfdaşdır. Görünən odur ki, Avropanın Azərbaycana ehtiyacı var. Həmçinin, Ermənistandan fərqli olaraq, Azərbaycan üzünün Qərbə olduğunu, əməkdaşlıqda səmimi olduğunu bir daha göstərdi”.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da bizimlə söhbətində Azərbaycanla Almaniya arasında əməkdaşlığın genişləndiyini, Avropa İttifaqı ilə münasibətlərin yaxşılaşdığını dedi: “Avropanın enerji təminatında malik olduğumuz rolu Avropanın aparıcı dövlətlərindən olan Almaniya da yaxşı anlayır və yüksək qiymətləndirir. Düşünürəm ki, bu səfər ikitərəfli əməkdaşlığın daha da genişlənməsinə öz töhfəsini verəcək. Bunu həzm edə bilməyən qüvvələr müəyyən təxribat xarakterli hallara cəhd etdilər və anti-Azərbaycan planlarını bir daha nümayiş etdirdilər. Amma lazımi cavablarını aldılar. Prezident çox açıq şəkildə diqqətə çatdırdı ki, ABŞ-da da, Avropa ölkələrində də insan haqlarının mənfi durumu ilə bağlı kifayət qədər fakt var. Söz azadlığı, insan haqları məsələlərində heç bir ölkənin ortaya qoyduğu ideal forma yoxdur. İstənilən ölkədə belə problemlər var. Azərbaycan da bu istiqamətdə vəziyyəti yaxşılaşdırmaq yolundadır. Prezident insanların həyat tərzinin yüksək səviyyədə formalaşması üçün bütün iradəsini ortaya qoyur. Kimin nə deməsindən asılı olmayaraq, Azərbaycan tutduğu yolda irəliləyir. Hər bir dövlət irəliləyərkən müəyyən çətinliklərlə rastlaşır, çatışmazlıqlar olur. Zaman-zaman bunların hamısı aradan qalxır. Əminəm ki, ölkəmiz haqda deyilən iftiralar heç kimi yolundan döndərməyəcək”.

Millət vəkili Sahib Alıyev isə Facebook profilində bu mövzu ilə bağlı fikirlərini bölüşərək Almaniya kansleri Angela Merkelin brifinq zamanı ölkəmizi “əhəmiyyəti günü-gündən artan”, “böyük potensialı olan” tərəfdaş kimi dəyərləndirməsinə diqqət çəkib: “Dövlət başçısı ilə əksər məsələlərdə həmfikir olduqlarını vurğulayan xanım kanslerin Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olmaq istəmələrini dilə gətirməsi də olduqca önəmli məsələdir. Almaniya yaydığı hesabatlar və verdiyi bəyanatlarla dəfələrlə təsdiqləyib ki, onun Dağlıq Qarabağ münaqişəsinə yanaşmada tutduğu mövqe başda Kerri Amerikası olmaqla Minsk qrupuna həmsədrlik edən dövlətlərdən prinsipiallığı və ədalətliliyi ilə fərqlənir. Merkelin son zamanlar cəbhə xəttində atəşkəsin pozulmasında Rusiyanın əlinin olduğunu deməsi isə təkcə Moskvanın bostanına atılan daş deyildi. Həm də dolayı yolla olsa da, bu o demək idi ki, cəbhədə gərginliyin yaradılmasında Almaniya Ermənistanı suçlu bilir. Brifinqin sonunda kiminsə ingiliscə yazdığı bir cümləni höcələyə-höcələyə oxuyan “tutuquşu”nun hərəkətləri hər iki liderin yetərincə səmimi atmosferdə keçən görüşlərinə əlavə rəng qatdı. Onlar salonu gülümsəyərək tərk etdilər. Zavallı “tutuquşu” isə dilxor görünürdü”.

Kaspi.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR