Sevinc Telmanqızı: “...bu lotereyanın borcudur, bu bazarlığın puludur, bu uşağın bağçası, o biri uşağın hazırlığı...”
Bir ildən artıqdır ki, Lent.az-da “Peşə adamının bir günü” adlı layihəmiz davam edir. Bu müddət ərzində müxtəlif peşə sahibləri ilə müsahibələr edir, onların peşələrində üzləşdiyi çətinliklərdən yazır, qayğılarından bəhs edirik.
Asan peşə yoxdur. Lakin gəlin etiraf edək ki, jurnalistika peşələr arasında ən çətinlərindəndir. Jurnalist dərdini dinlədiyi müsahibinin yükünü çiyninə alır, onun dərdinə şərik olur, müsahibiylə ağlayıb, onunla gülür. Hələ bu işin ən yüngül tərəfidir. Bunun təhlükəsi, hədə-qorxusu var. Peşə borcunu yerinə yetirərkən ölən jurnalist də az deyil. Əlqərəz, döyülən də jurnalist olur, söyülən də.
“Peşə adamının bir günü”nü bu dəfə özümüzə həsr etmişik. Jurnalistikaya. Layihəmizin bugünkü qonağı isə həmkarımız Sevinc Telmanqızıdır. 14 ildən çoxdur ki, Sevincin imzasını “Yeni Müsavat” qəzetində görürsünüz. Hələ uzun müddət də görəcəksiniz. Çünki Sevinc işindən razıdır, başqa yerdə işləməyi də düşünmür.
Sevinc 1999-cu ildə mətbuata gəlib. Qələmini ilk dəfə “525-ci qəzet”də sınayıb. Daha sonra “Reytinq” və “7 gün” qəzetlərində də işləyib. Hər iki qəzet bağlandıqdan sonra 2001-ci ildə “Yeni Müsavat”a gəlib.
Bu gün Sevinc üçün standart günlərdən biridir. Oğlu Oğuzu bağçaya qoyandan sonra saat 10-da görüşürük. “Qanun” nəşrlər evinə getməlidir. Mühacirət həyatından bəhs edən müsahibələrinin toplusunu çıxaracaqlarmış. Ona görə də yollanırıq “Qanun”a. Ordan da redaksiyaya.
Çantasını masasına qoyar-qoymaz qəzetin bugünkü nömrəsini götürür. Sizcə, ilk kimin yazısını oxuyur? Əlbəttə ki, Zamin Hacının. Başı yazıya elə qarışır ki, ancaq şəklini çəkəndə ayrılır qəzetdən.
- Sənə nə təklif edim? Çay, su?
- Çay.
Mətbəxə keçirik.
- Ailə, uşaqlar və iş. Çətin olmur?
- Fəlsəfə kimi olmasın, ev, iş, uşaq, ailə fərdləri arasındakı qızıl ortanı tapmaq çox çətindir. Hədsiz dərəcədə. Super yazı ərsəyə gətirmək üçün ona bol vaxt və enerji sərf etməlisən. Birinə çox vaxt ayırdığın, arzuladığın nəticəni əldə etdiyin gün, digərlərini avtomatik ihmal edirsən. Həmin gün uşağını az görəcəksən, ev işlərində axsayacaqsan, o sahədə nəsə natamam qalacaq. Uşağın darıxacaq, şikayət edəcək. Məsələn, Oğuz mənə deyir ki, səni niyə hamının maması kimi deyilsən? Qızım artıq böyükdür. Asi dövrüdür. “Məni nə qədər az görsə, bir o qədər yaxşıdır”, deyə düşünür (gülür). Anasını çox görmək istəyən yaşlarda deyil. Amma oğlum yox. Elə hey “mən səndən ötrü darıxıram, bu gün bağçadan məni sən götür, birgə parka gedək, oynayaq” deyir. Narazılıq edir.
- Oğuzun razı qaldığı vaxtlar da olur?
- Yaydan yaya. Yayda məzuniyyət dönəmi olur axı. İşdən bir-iki həftəlik icazə alıb uşaqlarla çox vaxt keçirmək olur. Aclığı qismən dəf edə bilirik. Ana-bala bir-birimizlə daha çox vaxt keçiririk, bir-birimizi “tanıyırıq”. Adi günlərdə uşağı səhər bağçaya qoyursan, bir də axşam götürürsən. Səhər qoyduğun uşaq axşam sənə başqa uşaq kimi geri qayıdır. Çünki gün ərzində sən onun yanında olmursan. Uşaq bağçada o qədər qəribə sözlər öyrənir vərdişlər mənimsəyir ki... Məsələn, bizim evdə Şəmiyə baxan yoxdu. Şəmi-Şoşu deyə obrazlar varmış. “Pisdi”, deyə demirəm haa, sadəcə biz baxmırıq. O mənada. “Facebook”da görmüşəm, xəbərim olub. Dünən baxıram ki, oğlum ondan sitat gətirir. Mənim görmək istədiyim, yetişdirmək istədiyim uşaq bu deyil, amma onu yetişdirməyə də imkan yoxdu. Görmək istədiyim uşağı yetişdirmək üçün gərək işə gəlməyim. Jurnalistikada elə bir şans yoxdu ki, ailədə iki jurnalist olsun, bir nəfər işləsin və ailənin bütün qayğılarını həll eləsin. Biz elə işlə məşğul deyilik ki, onda super pullar olsun, super şərait olsun.
- Amma nədənsə, insanlarda belə bir düşüncə var ki, pul jurnalistikadadı.
- Ona görə ki, biz azlıqdayıq. Reket jurnalistlər, onun-bunun qapısının ağzını çürüdən dilənçilər daha çoxdur. Dilənə-dilənə gedib “Range Rover” alırlar özlərinə. Amma Ləman marşrutda gəzir, yaxud Sevinc bir ucuz maşın alır özünə. Haqqında danışdığımız reketlər də avtomatik o rəyi yaradıblar ki, sənin varın yoxdursa, demək sən “yaxşı” jurnalist deyilsən. “Yaxşı” jurnalist anlayışı pullu jurnalist mənası verir geniş çevrədə. Onların təbirincə desək, “sən böyük-böyük adamların qapısını ayağınla aça, özünə gün ağlaya bilmirsənsə, nə jurnalistsən?” Amma mən düşünürəm ki, ya yaxşı jurnalist olacaqsan, ya da pullu. Təbii ki, hər bir jurnalistin qarşısında seçim qoyublar. O seçim kimə verilməyib ki? O qapılar kimin üzünə açılmayıb ki? Hansı qapıdan girəcəyinə sən qərar verirsən. Sizə bir şey deyim, mən bu həyat tərzindən çox razıyam! Məsələn, bir azdan kredit ödəməyə gedəcəm. Bu gün son günümdür. Maaşımı, aldığım qonorarı aylıq xərclərimə bölürəm; bu, bu kreditindir, bu, o biri kreditindir, bu lotereyanın borcudur, bu bazarlığın puludur, bu, uşağın bağçası, o biri uşağın hazırlığı... O ki, ipin ucunu o biri ucuna çatdırıram ha, ondan ləzzət alıram. Bu mazoxistlik və ya pis niyyətlik deyil. Sadəcə, halal zəhmətimi hiss edirəm. Bilirəm ki, aldığım pulun qəpiyinə qədər halaldır. Qonorarımın hər qəpiyində yazdığım yazıların əməyini, əziyyətini hiss edirəm. Jurnalist kimi heç kəsin qarşısında dilim qısa, gözüm kölgəli deyil. Jurnalist qürurlu olanda gözəl görünür.(gülür)
“Söz sözü çəkər” deyiblər. Hələ bu söhbət edənlərin hər ikisi də söz adamıdırsa... Başımız söhbətə elə qarışıb ki, planlaşdırmanın vaxtı çatıb. Biz isə hələ də mətbəxdə söhbət edirik. Planlaşdırma başlayır. Rauf Arifoğlu xaricdə səfərdə olduğundan planlaşmanı Azər Ayxan aparır. Hardasa, 11:50-də planlaşma bitir. Hər kəs, eləcə də Sevinc mövzularını götürür. Söhbətimizə davam edirik.
- Planlaşma hər gün olur?
-Hə. Saat 11-də planlaşma başlayır. Rauf bəyin iclasları daha uzun çəkir, 12-də yekunlaşır. Azərin iclasları bir az daha tez. Hərə mövzusunu götürür.
- Neçə mövzu aldınız?
-Özümün bir səhifə əlavə materialım var deyə, çox mövzu götürmədim. Dörd dənə. Ən azı altıya qədər yekunlaşdırmalıyam.
- Altıda mütləq evdə olmalısınız?
-Yox, mənim elə dəmir qrafikim yoxdu. Jurnalistikanın ən böyük üstünlüyü bir çox hallarda qrafik azadlığıdır. Sadəcə günümü planlaşdıranda elə nəzərdə tutmuşam. Yolda da dediyim kimi axşam yeməyinin bir hissəsini sabah yarımfabrikat halına salmışam. Altıda evə gedib şam yeməyini yeddi üçün hazırlamağı planlaşdırmışam (gülür). Evə nə qədər tez getsəm, başımın ucalığıdır - uşağı da çox görərəm, o da məni.
- Adətən analar gəlinlərini həkim, müəllimə görmək istəyir. Problem olmadı?
- Yoo, mən jurnalist ailəsinə gəlin getmişəm. Rəhmətlik qayınatam da jurnalist olub. Ona görə də ər tərəfimdə jurnalist imici məlum idi. Düzdür, xanım jurnalist olmayıb. Qayınatam olub, Zamin olub. Mən də qadın jurnalist kimi bütün gün cəbhə bölgələrində, səfərlərdə deyiləm, evdə tapılmıram demək olmaz. Axırıncı dəfə ezamiyyətə aprel ayında olmuşam. O da ildə bir dəfə olar, ya olmaz. Seçim də özünə aiddir. Səni heç kəs zorla göndərmir. Baş redaktor təklif edir, israr eləmir. Soruşur, belə bir səfər var, kim gedə bilər? Demir ki, getməsən işdən çıxarsan. Mənə təklif olunanda fikirləşirəm, uşaqları aparıb nənəsigilə qoymalıyam, ordan məktəbə gəlib-getmək onlara çətin olacaq, üstəlik onların da qrafiki dağılacaq. Buna mənim haqqım var? Yox. Ona görə də imtina edirəm. Amma sırf öz layihəmlə, yazdığım hansısa araşdırma materialla bağlı xarici səfərlər olanda bunu üzərimə götürürəm. Bu halda ailədən “oğurlayıb”, işə sərf edirəm.
- Ailə, yoxsa karyera?
- Qadın da işləməyən dəmir kimidir, evdə qalsa, paslanacaq. Qadın özünü gərəkli hiss eləməlidir. Biz ancaq mətbəxdə, evdə-eşikdə, uşaqların yanında olmaq üçün yaradılmamışıq. Bizim düşünən beynimiz, təhsilimiz, yaradıcılıq potensialımız var. Ondan istifadə etməliyik axı. Allah eləsin ki, belə seçim qarşısında qalmayım. Çünki çox çətin seçim olar. Bu seçim tələbi mənə ən son halda həyat yoldaşı, uşaqlarım səviyyəsində qoyula bilər. Onlar da bunu 13 ildə qoymayıblarsa, düşünürəm, indən sonra da qoymazlar. Üstəlik, indiki ağır iqtisadi şərtlər altında qadınların çalışması daha çox fədakarlıq, ailə yükünü paylaşmaqdır ki, kişilər buna görə ancaq və ancaq minnətdar olmalıdılar. (gülür) Ümumiyyətlə, seçim haqqında fikirləşmək istəmirəm. Müvəqqəti seçimlər, məsələn, hər yeni doğulan uşaqlardan sonra 1-2 illik fasilələr olub. O da evdən işləmək şərti ilə. Şərtlər dəyişib, amma jurnalist fəaliyyətim qalıb. Amma birdən-birə jurnalistikadan tam qopmaq, getmək, onu mən ağlıma belə gətirmək istəmirəm.
- Cəmiyyətimizdə qadın olmaq çətindir. Bəs qadın jurnalist olmaq?
- Jurnalistikada qadın, ya kişi fərqi yoxdur. Professionallıq var. Məsələn, hadisə yerinə, reportaja gedirsən, yaxud müsahibəyə. Sənin orda jurnalist kimi necə davranmağın önəmlidir. Məncə, qadın kişi jurnalist sərhədləri 20 il bundan əvvəl itib. İndi belə bir ayrım yoxdur. Əgər adamın içində kompleks yoxdursa. Hadisə yerinə gedirsən, adamlar səni qəbul etmirlər. İstər qadın ol, istər kişi, jurnalistsənsə, sevilməyən personasan. Burda yanaşma, insanları dilə tutma, onlardan informasiya alma qabiliyyətin önəmlidir. Jurnalistin kompleksi olmamalıdır.
- Çox zaman komplekssizliklə, həyasızlıq qarışıq salınır. Sizcə, jurnalist həyasız olmalıdır fikri doğrudur?
- Hər ikisi arasında incə bir sərhəd var. Onu keçməməliyik. İsrar var, qır-saqqız olmaq var, həyasızlıq var. İsrar etməyi bacarmaq lazımdır. Adam müsahibə vermək istəmir. Qapısını bağlayıb üzünə, üstündən də qıfıl vurub. İndi gəl səni bu qapını aç. Zəng edirsən, deyir, yox. Sən qapının sağından, solundan, yuxarısından, aşağısından, hardansa, içəri bir yol tapacaqsan. Jurnalist həm də psixoloq olmalıdır. Müsahibin əhvalına uyğun davranmalıyıq. Bəzən uşaqlarımın nazıyla heç oynamadığım qədər müsahiblərimin nazıyla oynayıram. Adam var, mən bilirəm ki, ona 12-ə qədər zəng eləsəm, aqressiv cavab verəcək. Amma 12-dən sonra zəng eləsəm, o vaxta onun da işinin gərginliyi azalacaq və mən ondan istədiyim cavabı alacam. Hamımız qürurluyuq. Şəxsi həyatımızda bir adam acı bir söz deyən kimi burnumuz göylərə qalxır. Lakin bəzi hallarda müsahibin yanında qüruru unutmağa məcburuq. Mən unuduram ki, filankəsov filankəs ötən müsahibəni alanda mənə kobudluq eləmişdi. Jurnalistin kin yaddaşı, qara siyahısı olmamalıdır. Mən müsahibimin nə insanlığına, nə şəxsiyyətinə hörmət etməyə bilərəm, amma o adam mənimçün informasiya mənbəyidir, müsahibdir. Dediyi söz dəyərlidir, şəxsiyyətini özü bilər.
- Həmkarlarımızla ən çox görüşdüyümüz yer tədbirlərdir. Hərə bir geyimdə olur. Kimi az qala gecə geyimində gəlir, kimi də qalstukla özünü elə boğmuş olur ki, deyirsən, bu dəqiqə nəfəsi kəsiləcək. Geyim adamın yalnız görünüşünü deyil, düşüncələrini də təyin edir. Bəs jurnalistin nə geydiyi önəmlidir?
- Əlbəttə. Çox ciddi şəkildə önəmlidir. Əksər iş yerlərində, tanınmış şirkətlərdə “dress kod” deyilən bir şey var. Bizdə kişi jurnalistlər deputatdan daha çox deputat kimi geyinirlər, qadınlarda sərhəd yoxdur. Açıq-saçıq da geyinirlər. O isə geyim müsahibə, getdiyin yerə uyğun seçilməlidir. ABŞ-da adını xatırlamadığım bir siyasətçinin mətbuat konfransı olub, qadın jurnalist sırf açıq geyiminə görə konfransdan uzaqlaşdırılıb. Bizimkilər çimərlik geyimində redaksiyaya gedirlər. Qadın jurnalist öz işində qadınlığından istifadə elədisə, üzr istəyirəm, onun adı artıq jurnalistika yox, başqa şeydi.
Söhbətarası Sevinc emailinə baxır, əlindəki bir neçə materiala göz atır. Arada səthi “Facebook”una da.
- Belə bir fikir var ki, jurnalistlər daha çox “Facebook”da yazır.
- “Facebook” jurnalist üçün informasiya mənbəyidir. Fərqli o qədər insanı dostluğa qəbul edirsən, fərqli simalar, fərqli fikirlər görürsən. Oxucularınla canlı ünsiyyət qurursan. Yazını paylaşırsan, tanımadığın adamlardan elə maraqlı fikir alırsan, görürsən ki, mövzuya, problemə dair yeni pəncərə açıldı. Dəfələrlə olub ki, “vaxtımı aparır” deyib, “Facebook”u bağlamışam. Amma sonradan baxmışam ki, işim axsayır, bir tərəfdən boşluq yaradır. “Facebook”u jurnalistlərə baş qaxıncı kimi təqdim edənlərlə razı deyiləm. Görürsən, deyirlər ki, “jurnalistlər statuslardan xəbər düzəldir, ayıbdı”. Niyə ayıb? Əgər adam ictimai fiqurdursa, statusu hansısa prosesə təsir edirsə, niyə də olmasın? Təbii, bu statusdan xəbər düzəldən jurnalist eyni zamanda o statusun arxasında dayanan gerçəklərdən də maraqlı bir araşdırma, müsahibə hazırlayırsa, o zaman ona ikiqat afərin düşür. Nəyi pisdir? Digər tərəfdən də “Facebook” mənə çoxlu dost itirdib. 2009-dan “Facebook”dayam. Son günlərdə bir çox dostlarımdan imtina etməli oldum. “Dost” dediyim insanlara başa sala bilmədim ki, mən başqa, “Yeni Müsavat” başqa. Və ya mən “Yeni Müsavat”ın konkret bir məsələdəki siyasətini qəbul edirəmsə, bu, mənim yaxşı insan, yaxşı dost olmadığım anlamına gəlmir. Bunu kənardakı biri eləyəndə adama təsir eləmir, dost bildiyin adam eləyəndə sınırsan. Nə qədər izah etmək olar ki, belə deyil?! Bir dəfə, iki dəfə... Onun üçün bu dostluğu itirmək problem deyilsə, tamam, itirək bir-birimizi. İtirdik də. Vaxtınız var?
- Nə üçün?
- Söhbət edə-edə gedək banka. Kreditimin axırıncı günüdür. Ödəməliyəm.
- Gedək.
Bəxtimizdən bank yaxınlıqdadı. İstidə çox yol getmirik.
- Əvvəlki layihələrinizi daha görmürük.
- O həvəs indi yoxdu. Altı il bundan əvvəl layihələrim vardı, yaxşı da oxunurdu. Bəlkə də təzədən başlaya bilərəm. Nə bilim?! Onda bir başqa həvəsliydim. İndi artıq o müsahiblər, cəmiyyətin tanınmış üzvləri oxunmuş kitab kimidir. Onların hər yönünü o qədər bilirik ki... sual vermədən belə cavabını əzbər bilirsən. O halda o adamla oturub söhbətləşmək nə qədər maraqlı ola bilər?
- 14 il az müddət deyil. Başqa yerə getməyi düşünmürsünüz?
- Adaptasiya problemim yoxdu. Getdiyim hər yerə də tez uyğunlaşıram. Sadəcə olaraq, bura mənə o qədər uyğundur ki... Əslində Rauf bəylə işləmək çox rahatdı. Məsələn, sən günün istənilən saatında onun elektron ünvanına yazı göndərə bilərsən. Göndərirsən və paralel də çata yazırsan ki, “bəy, yazı yolladım”. O, sənin çatda yazdığına cavab vermək əvəzinə yazını operativ şəkildə sayta yerləşdirməyə başlayır. Və bir də baxırsan ki, yazı saytdadır. Yəni, cavabını saytda yazını görməklə alırsan. (gülür) Mənə “Yeni Müsavat”dakı o enerji xoşdur. Ona görə də başqa yerə getməyi heç düşünmürəm.
Təqribən saat 1-də mən müsahibəmi yekunlaşdırıram. Lakin Sevincin indən belə yazılmalı 4 mövzusu var. Bir qədər sonra günorta yeməyini yeyib qəzetin sabahkı sayı üçün yazılarını hazırlayacaq. Yemək demişkən, jurnalistlər nadir halda hamı kimi günorta yeməyini vaxtında yeyə bilir. “Yeni Müsavat”da da konkret günorta yeməyi üçün vaxt ayrılmayıb. Kimin yazısı nə vaxt bitərsə, o vaxt da yeməyini yeyəcək.













