Minlərlə miqrant Macarıstandan Avstriyaya çatıb

Minlərlə miqrant Macarıstandan Avstriyaya çatıb
18:57 5 Sentyabr 2015
72 Digər
Ölkə mətbuatı
A- A+

Macarıstandan avtobusla yola düşən minlərlə miqrant Avstriyaya gəlib. Avstriya polisi gün ərzində gələnlərin sayının ikiqat artacağını gözləyir.
Miqrantların qeydiyyata alınmasını tələb edən Macarıstan hakimiyyəti bir neçə gün ərzində Budapeştdəki Keleti dəmiryolu stansiyası qarşısında toplaşan miqrantların başqa Aİ ölkələrinə getməsinə icazə vermirdi.
Milli.Az BBC-yə istinadən bildirir ki, Dublin razılaşmasına görə miqrantlar ilk gəldikləri ölkədə qeydiyyatdan keçməlidirlər. Hərçənd ki, sığınacaq üçün Almaniyanı seçən miqrantların əksəriyyəti Macarıstanı tərk etməyə çalışırlar.
Cümə axşamı polis Budapeştdə dəmiryolu stansiyası qarşısında gözləyən miqrantlara qatarlara minməyə icazə versə də, sonradan onları paytaxtın qərbindəki qaçqın düşərgəsinə yerləşdirmək istəyib.


Buna etiraz edənlər Avstriya istiqamətində yeriməyə başlayıblar. Bir qədər sonra onlara avtobuslar ayrılıb.
Miqrantları Avstriya sərhədinə çatdıran avtobuslar yeni qrup adamları gətirmək üçün geri qayıdır.
Avstriyanın federal kansleri almaniyalı həmkarı ilə danışıqlardan sonra miqrantlara Avstriya üzərindən Almaniyaya keçməyə icazə verildiyini deyib. Werner Faymann bu barədə öz Facebook səhifəsində bildirir.
Almaniya polisi şənbə günü 5-10 min miqrantın gələcəyini güman edir.
"Dəqiq rəqəm yoxdur. Lakin biz şənbə günü 5-10 min adamın gələcəyini gözləyirik", - Almaniya polisnin sözçüsü Stefan Sonntag Reuters agentliyinə bildirib.
Avstriyada miqrant axını müxtəlif reakisyalar doğurub. Onun əleyhinə olanlar deyirlər ki, yeni gələnlərə kömək ölkə iqtisadiyyatını ağır yük ola bilər. Digərləri isə qaçqınlara yardımı mənəvi borc hesab edirlər. Vyanada miqrantların gəlişini alqışlayanlar "Xoş gəlmisiniz!" şüarını qaldırıblar.


Avropaya daxil olan miqrantların sayı rekord həddinə çatıb. Təkcə iyul ayında Avropaya 107500 miqrant daxil olub.
Almaniyanın bu il 800 000 miqrantı qəbul edəcəyi gözlənilir. Bu keçən illə müqayisədə dörd dəfə çoxdur.
Miqrant axınındakı bu artım Aİ-nın miqrasiya siyasətilə bağlı gərginliyə və narazılığa səbəb olub.
Almaniya, İtaliya və Fransa miqrantların ədalətli bölüşdürülməsini tələb edir. Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk bildirib ki, ən azı 100 min qaçqın Aİ ölkələri arasında bölüşülməlidir.
Aİ daxili işlər və ədliyyə nazirləri böhranı müzakirə etmək üçün sentyabrın 14-də Brüsseldə görüşəcəklər.
BMT bildirib ki, Avropa İttifaqı ölkələri miqrant böhranına olan münasibətini dəyişməli və "ümumi strategiya" çərçivəsində 200 minə yaxın miqrantı qəbul etməlidir.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/367262.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR