Bakı, 21 sentyabr, AZƏRTAC
Sentyabrın 25-də Azərbaycan Dövlət Musiqili Teatrında SSRİ Xalq Artisti, görkəmli bəstəkar Rauf Hacıyevin "Qafqazlı qardaşqızı" operettasının premyerası olacaq.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, teatrın rus bölməsində hazırlanan tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Əli Usubovdur.
R.Hacıyevin möhtəşəm musiqisi, sevgi və intriqalardan ibarət maraqlı süjeti, düşündürücü, məntiqli yumoru ilə diqqət çəkən "Qafqazlı qardaşqızı" operettası indiyədək Moskva, Riqa, Sankt-Peterburq, Volqoqrad və Nalçikin musiqili teatrlarında tamaşaya qoyulub.
Milli musiqi mədəniyyətimizin klassik əsərlərindən olan R.Hacıyevin bu möhtəşəm operettası Əli Usubovun 1969-cu ildə Leninqrad Konservatoriyasını bitirdikdən sonra Moskva Teatrında tamaşaya qoyduğu ilk operetta, quruluş verdiyi ilk səhnə əsəri olub.
Qeyd edək ki, beynəlxalq layihə kimi teatrın tarixinə yazılan tamaşanın quruluşçu dirijoru Əməkdar İncəsənət Xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Moskvadan dəvət olunmuş Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, professor Dmitri Çerbadji, quruluşçu baletmeysterləri Leyla və Zakir Ağayevlərdir.
Tamaşada rolları əməkdar artistlər Nərgiz Kərimova, Səidə Şərifəliyeva, Boris Qrafkin, Svetlana Bulax, aktyorlar Firuz Məmmədov, Mehriban Zalıyeva, Elçin İmanov və başqaları ifa edirlər.
Musiqili Teatrda 106-cı mövsümün ilk premyerası "Qafqazlı qardaşqızı" operettası olacaq
Musiqili Teatrda 106-cı mövsümün ilk premyerası "Qafqazlı qardaşqızı" operettası olacaq