Ermənistan prezidenti Serj Sarkisyan BMT-nin Baş Assambleyasının sessiyasında çıxış edib və Azərbaycanı hədələyib. O bildirib ki, əgər Azərbaycan "təcavüzkar siyasətini" dəyişməzsə, Ermənistan siyasi və hərbi addımlara təşəbbüs göstərəcək.

ANS PRESS-in məlumatına görə, Serj Sarkisyan rəsmi Bakını təcavüzkarlıqda suçlayıb: "Azərbaycan "təcavüzkar siyasətini" davam etdirərsə, bu, Ermənistan üçün başqa seçim qoymayacaq. Biz buna qarşı lazım olan qanuni addımları, o cümlədən siyasi-hərbi addımlar atmağa, Ermənistan Respublikasına və qondarma Dağlıq Qarabağ Respublikasına dünyada inkişafına və təhlükəsizliyinin qorunmasına imkan vermək üçün təşəbbüs göstərəcəyik."

Dünya Sarkisyanı susdurmalıdır (FOTO)
Serj Sarkisyan - Ermənistan prezidenti

S.Sarkisyan Ermənistanın və Dağlıq Qarabağın sərhəd məntəqələrinin böyuk kalibrli artilleriyalardan atəşə tutulmasında Azərbaycanı ittiham edib: "Bakıda hakimiyyət "reallıq hissini itirib. Sentyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri ilk dəfə 1994-cü ilin mayında atəşin dayandırılması haqqında sazişin imzalanmasından sonra tanınmamış Dağlıq Qarabağ Respublikasının (DQR) ordusuna qarşı artilleriya silahları tətbiq etdi."

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı ANS PRESS-ə bildirib ki, qatil Sarkisyan reallıq hissini itirib. Təcavüzkar rejimin rəhbəri hələ də işğalçılıq mövqeyindən əl çəkmədiyini göstərir. Təəccüb doğuran cəhət odur ki, o, bunu beynəlxalq tribunadan ifadə edir. Əgər dünya, beynəlxalq aləm, aparıcı dövlətlər Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələr Serj Sarkisyana, onun təcavüzkar siyasətinə ciddi təsir göstərsəydilər, Ukraynadakı hadisələrə görə Rusiyaya tətbiq edilən sanksiyaları Ermənistana da eyni şəkildə şamil etsəydilər, onda problem çoxdan həllini tapmışdı, torpaqlar işğaldan azad olunmuşdu.

Dünya Sarkisyanı susdurmalıdır (FOTO)
Fəzail Ağamalı - Ana Vətən Partiyasının sədri

Onun sözlərinə görə, məhz Ermənistanın və onun prezidentinin bu dərəcədə həyasızcasına BMT tribunasından sərsəm fikir ifadə etməsinin ən böyük günahkarlarından biri Minsk qrupu və onun həmsədrləridir. Çünki onlar indiyədək təcavüzkar dövlət kimi Ermənistana sanksiyalar tətbiq etmir, onu işğalçı dövlət kimi ittiham etmir, ona birmənalı mövqe nümayiş etdirmir.

Milli Məclisin üzvü F.Ağamalı BMT-nin Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı 4 qətnamə qəbul etdiyin xatırladıb: "BMT işğala məruz qalmış Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və bu, bütün sənədlərdə təsbit olunub. Biz bundan istifadə edib BMT qarşısında ciddi məsələ qaldırmalıyıq. Baxın, görün Ermənistanın, təcavüzkar dövlətin, kriminal rejimin başçısı olan Serj Sarkisyan hansı mövqedən çıxış edir, beynəlxalq aləm, BMT, orada iştirak edən dövlətlər buna biganə münasibət bəsləyir. Əslində, bu, təkcə Azərbaycana qarşı atılan iftira deyil, eyni zananda, BMT-yə saymamazlıq, böyük hörmətsizlik, onu təhqir etmək deməkdir. Ona görə BMT və onun Təhlükəsizlik Şurası, özünə hörmət edən dövlətlər Sarkisyanı cavabsız buraxmalı deyillər.

Ermənistan prezidenti Serj Sarkisyan sentyabrın 26-da da "erməni soyqırımı" ilə bağlı tədbirlərin Koordinasiyası üzrə Dövlət Komissiyasının iclasında Azərbaycanın ünvanına sərt ittiham səsləndirib.

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev də Ermənistan rəhbərliyinin bu açıqlamasına münasibət bildirib və deyib ki, BMT Baş Assambelyasının 70-ci sessiyası və ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin həlli ilə əlaqədar Nyu-Yorkda danışıqların aparıldığı dövrdə Ermənistan rəhbərliyinin Azərbaycanın suverenliyinin pozulması və ərazilərinin ilhaq edilməsinə dair bu cür məsuliyyətsiz bəyanatı beynəlxalq hüquq, BMT Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, danışıqlar prosesi və beynəlxalq ictimaiyyətə qarşı hörmətsizliyin, özbaşınalıq və cəzasızlıq sindromunun ən ifrat nümunəsidir. Bu bəyanat açıq şəkildə beynəlxalq hüquqi və siyasi məsuliyyət ehtiva edir.

Dünya Sarkisyanı susdurmalıdır (FOTO)
Azərbaycan XİN

Azərbaycan tərəfi dəfələrlə bəyan və təkzibolunmaz faktlarla sübut edib ki, Ermənistanın münaqişənin həlli prosesində iştirakı yalnız imitasiya və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi daşıyır, rəsmi Yerevanın hədəfi Azərbaycan ərazilərinin ilhaqı və işğala əsaslanan mövcud status kvonu saxlamaqdan ibarətdir .

Ermənistanın kriminal hərbi diktatura rejimi işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyətlərin həyata keçirilməsi, Ermənistan-Azərbaycan sərhədi və qoşunların təmas xətti boyunca intensiv şəkildə atəşkəsin pozulması və mülki Azərbaycan əhalisinin hədəfə alınması kimi təxribatçı əməlləri ilə münaqişənin danışıqlar yolu ilə həlli prosesini pozmaq siyasətini davam etdirir.

Eyni zamanda ümumxalq iğtişaşı və siyasi, iqtisadi və maliyyə böhranı ilə üzləşən Ermənistanın hərbi xunta rejimi cəbhə xəttində vəziyyətin gərginləşdirilməsi ilə ölkə ictimaiyyətini xof içərisində saxlamaq və kəskin ölkədaxili problemlərdən diqqəti yayındırmaq kimi məqsədlər güdür.

Dünya Sarkisyanı susdurmalıdır (FOTO)
Dağlıq Qarabağın xəritəsi

Təəssüflər olsun ki, ikili standartlardan çıxış edərək, münaqişə ilə verilən bir sıra bəyanatlar təcavüzkar dövlət və işğala məruz qalan dövlət arasında fərq qoymur, konkret ünvanlı xarakter daşımır, münaqişənin köklü səbəblərinə varmır, Ermənistanın siyasi rəhbərliyinin avantürist və məsuliyyətsiz siyasətinə beynəlxalq hüquqi qiymət vermir və yalnız simptomatik xarakter daşıyır.

Azərbaycan Respublikası ərazilərinin işğalı ilə heç zaman barışa bilməz. Münaqişə yalnız beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əsasında həll edilməlidir.

Əks təqdirdə, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünü qorumaq üçün Azərbaycan Respublikasının atmaq məcburiyyətində qala biləcəyi addımların istənilən nəticələrinin məsuliyyəti tam şəkildə Ermənistan Respublikasının üzərinə düşəcək.

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, sentyabrın 25-də erməni tərəfindən yeddi, Azərbaycan tərəfdən isə üç hərbi qulluqçu həlak olub. Başqa məlumatlara görə, erməni tərəfdən dörd, Azərbaycan tərəfdən bir əsgər həlak olub. Ümumilikdə isə hər iki tərəfdən 16 yaralının olması bildirilir.

Azərbaycanın müdafiə naziri Zakir Həsənov bu il avqustun 6-da bildirib ki, respublika ordusu ölkənin ərazi bütövlüyünü bərpa etməyə hazırdır. İndi Azərbaycanın 20 faiz ərazisi, Dağlıq Qarabağ və ona bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin nəzarəti altındadır.

Dünya Sarkisyanı susdurmalıdır (FOTO)
Müdafiə naziri Zakir Həsənov cəbhə xəttində

Ermənistan işğal etdiyi Dağlıq Qarabağı 1991-ci ildə Azərbaycandan ayıraraq "müstəqilliyi"ni elan edib. Rəsmi Bakı buna qarşı çıxaraq, region üzərində nəzarəti qaytarmağa çalışsa da, amma hələlik buna nail ola bilməyib. 1994-cü ildə Azərbaycan və Ermənistan Rusiyanın vasitəçiliyi ilə sülh haqqında Bişkek protokolu imzaladı. Hazırda münaqişənin nizama salmasında ATƏT-in Minsk qrupu iştirak edir. Bura Moskva, Vaşinqton və Paris daxildir.


Müdafiə nazirindən döyüş hazırlığı tapşırığı
Ohanyan yenə "xox" gəlir
Erməni nazir Azərbaycana meydan oxuyur