"Bəzi deputatlığa namizədlər sosial şəbəkələrdə təşviqatla bağlı pozuntulara yol verirlər. Dəqiq bilmirik ki, həmin təşviqat materialını namizəd özü qoyub, yoxsa başqa birisi öz təşəbbüsü ilə sosial şəbəkədə yerləşdirib. Yaxşı olardı ki, namizəd özü sosial şəbəkədə çıxış edib, bununla bağlı mövqeyini ortaya qoysun, təkzib versin. Namizədlər nəzərə almalıdır ki, təşviqat kampaniyası nəzərdə tutulmuş müddətdə başlayacaq. Xüsusən tanınmış insanlar bu məsələdə ehtiyatlı olmalıdırlar. Biz artıq bu məsələləri ictimaiyyətin müzakirəsinə çıxarmalıyıq. Çünki qəzetdə, televiziyada təşviqata yol veriləndə biz bununla bağlı tədbir görürük. Ancaq sosial şəbəkələrlə bağlı qanunvericilikdə bu məsələ tənzimlənmir. Ona görə də məsələni ictimai müzakirəyə çıxarmalıyıq və namizədlər də bu məsələdə ehtiyatlı olmalıdırlar".

Bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov səsləndirib və namizədləri vaxtından əvvəl təbliğata başlamamağa çağırıb. "Kaspi" qəzeti bu mövzuda sorğu apararaq bir neçə namizədin fikirlərini öyrəndi və onların seçki müddətində sosial şəbəkələrdən nə cür yararlanacaqları ilə maraqlandı.

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, parlamentə növbəti dəfə namizədliyini irəli sürmüş Aydın Mirzəzadə bizimlə söhbətində dedi ki, MSK-nın bu çağırışını dəstəkləyir: "Sosial şəbəkələrlə bağlı qanunda konkret olaraq qadağa olmasa da, onların hazırkı kütləviliyi məlum məsələdir. Əhalinin böyük əksəriyyəti onların istifadəçisidir. Bu cür şəbəkələr populyar olduğuna görə namizədlər orada da təbliğat qurarkən ehtiyatlı olmalıdırlar və oktyabrın 9-na qədər təşviqat xarakterli heç nə paylaşmamalıdırlar. Ümumiyyətlə, həmin tarixə qədər istənilən təbliğat və təşviqatdan çəkinməlidirlər. Namizədliyini verən hər bir şəxs qanunun tələblərini gözləməyə məcburdur. Mən özüm də sosial şəbəkələrdən istifadə edirəm. Amma məlum tarixə qədər bu məqamları ciddi şəkildə gözləyirəm və heç bir qanun pozuntusuna yol verməyəcəyəm. Qanuna riayət etmək hər bir şəxsin borcudur. Oktyabrın 9-dan sonra isə qanunun icazə verdiyi qədər təbliğatın bütün formalarından istifadə edəcəyəm. Sosial şəbəkələrdən faydalanmaq, orada təbliğatını qurmaq qadağan olunmayıb. Ona görə də mümkün olan bütün fürsətlərdən istifadə etmək fikrindəyəm. Televiziya və radionun imkanlarından istifadə etdiyimiz kimi, sosial şəbəkələrdən də yararlana bilərik. Həmçinin müxtəlif mətbu orqanlarda etdiyimiz çıxışları öz profilimizdə paylaşa bilərik. Şübhəsiz ki, görüşlərimi, ümumi fikirlərimi səhifələrimdə yayacağam. Amma bütün bunlar qanunun icazə verdiyi müddətdə olacaq".
Namizədliyi "125-lər" Siyasi Klubu tərəfindən irəli sürülən yazar-publisist Aysel Əlizadə də M.Pənahovun fikirlərini normal qarşıladığını və namizədlik prosedurunu pozmadığını bildirdi: "Seçki kampaniyasına start verilmədiyinə görə heç birimizin təbliğat aparmaq haqqımız yoxdur. Ona görə də MSK-nın bu mövqeyinin haqlı olduğunu düşünürəm. Qaydalara nə qədər həssas yanaşılarsa, nəticə də bir o qədər yaxşı olar. Mənim profilimdə paylaşılanlara gəlincə, biz indiyə qədər təbliğat-təşviqat xarakterli heç nə yaymamışıq. Yalnız mediada mənim haqqımda çıxan xəbərləri izləyicilərimlə bölüşmüşəm. Ümumiyyətlə, düşünürəm ki, söhbət bizim şəxsi profillərimizdən gedirsə, bu, özəl məsələdir. Hər bir namizəd təbliğatını rahatlıqla ona aid olan məkanda qura bilər. Amma təbii ki, kampaniyaya start verildikdən sonra. Bizim komandamız qaydalara dəqiqliklə əməl edir və təşviqat xarakterli heç bir paylaşım edilməyib. Ola bilsin ki, mediada mənə aid xəbərlər çox olsun. Amma bu, təşviqat aparmaq demək deyil. Dünyanın bütün ölkələrində seçki öncəsi xeyli informasiya, xəbərlər yayılır. Bunu seçkiqabağı olan çox təbii proses hesab edirəm. Sadəcə, medianın mənə böyük dəstəyi var. Bu da yəqin ki, həmkarları olmağımla bağlıdır. Amma çağırış xarakterli, düşünülmüş şəkildə piar addımları atmaq təbii ki, yolverilməzdir və qanun pozuntusudur. Artıq MSK xəbərdarlıq çağırışı edibsə, deməli, daha diqqətli olmalıyıq".

Ana Vətən Partiyasının sədri və millət vəkilliyinə digər namizəd Fəzail Ağamalı da M.Pənahovun açıqlamasına müsbət yanaşdığını dedi: "Bütün namizədlər seçki təbliğatlarını qurarkən qaydalara riayət etməlidirlər. Azərbaycan Seçki Məcəlləsinə tabe olmaq hər birimizin borcudur. Namizədliyi qeydə alınan hər kəs hökmən nəzərə almalıdır ki, bu, Məzahir Pənahovun öz fikirləri deyil, dedikləri qanunun tələbidir. Sosial şəbəkələrdəki fəaliyyətimizə gəlincə isə, ola bilsin ki, seçki kampaniyasına start veriləndən sonra biz orada təbliğat-təşviqat kampaniyamızı qurduq. Amma buna hələ bir neçə gün qalıb deyə, yanlış heç nə etmirik, qanunu pozmaq niyyətimiz yoxdur. Doğrudur, sosial şəbəkələrlə bağlı qanunda heç bir qadağa yoxdur. Amma namizədliyini verən şəxslər bilir ki, seçki üzrə təbliğat-təşviqat kampaniyası hansı tarixdən başlayır. Təəssüf ki, bunu unudub qaydaları pozan şəxslər var. Məsələn, mənim namizədliyimi irəli sürdüyüm ərazi üzrə rəqiblərim artıq kampaniyalara başlayıblar. Onlar məni seçicilərimin gözündən salmağa çalışırlar. Biz bu kimi hallara yol vermirik və təbliğatın qurulması üçün oktyabr ayının 9-nu gözləyirik. Qaydaları pozanlara qarşı qanun çərçivəsində işlər görməyə məcbur olacağıq. Artıq vəkilim tərəfindən Dairə Seçki Komissiyasına bu faktla bağlı müraciət edilib. Onu da qeyd edim ki, biz də seçki müddətində sosial şəbəkələrdən mütləq istifadə edəcəyik. Mümkün variantlardan uğurlu şəkildə yararlanacağıq".

Hüquqşünas Müzəffər Baxışov düşünür ki, MSK-nın açıqlamasını qəribçiliyə salmaq doğru deyil. Qanunda məhz "sosial şəbəkə" sözünün qeyd olunmaması heç kimə bu fürsətdən istifadə etmək imkanı vermir. Çünki söhbət ümumi şəkildə təbliğat və təşviqat kampaniyasının qurulmasından gedir: "MSK-dan gələn bu açıqlama qanuna uyğundur və namizədlərin seçki təşviqatına zidd deyil. Qanunda prosedur qaydaları konkret olaraq göstərilib. Təşviqatın hansı məkanda aparılmasının fərqi yoxdur. Sosial şəbəkədir deyib sui-istifadəçiliyə yol vermək olmaz. Hər bir namizədə 23 gün vaxt verilir. Nə küçədə, nə də sosial şəbəkədə kampaniyaya vaxtından əvvəl başlamaq olmaz. Sosial şəbəkələrin imkanlarından sui-istifadə etmək istəyənlər varsa, demək ki, seçki prosedurundan xəbərsizdirlər və onun mahiyyətindən başları çıxmır. Sosial şəbəkələr yeni yaranmış ictimai münasibətlərdir. Seçki Məcəlləsində qeyd olunub ki, təbliğat konkret zaman kəsiyində aparıla bilər. Qanunda yeni yaranmış söz - sosial şəbəkə ifadəsi yoxdursa belə, bu, heç kimə orada təbliğatını təyin olunmuş vaxtdan əvvəl qurmağa icazə vermir. Söhbət qaydaları pozub təbliğat qurmaqdan gedir, onu harada etsələr, doğru deyil. İstər sosial şəbəkələrdə, istər qəzetlərdə, istərsə də digər yerlərdə qanuna əməl etməyən hər bir şəxsə hüquqi məsuliyyət nəzərdə tutulub".

Kaspi.az