Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (48-ci say) təqdim edir.
Xalq artisti Məleykə Əsədova yaxşı aktrisadır. Hərçənd ki, bəzi sənət yoldaşları onu bəyənmir. Amma mən bəyənirəm. Elə onun şeir deyə-deyə biixtiyar ağlaması nəyə desən dəyər. Hamının dərdi var. Amma kim durduğu yerdə göz yaşını elə sel kimi axıda bilir? Həm də çox səmimi və insanpərvər xanımdır. Bir dəfə üzbəüz müsahibəmiz olub. Elə iki il öncənin bu günü idi. Necə deyərlər, bir yağışlı payız günü... Həqiqətən də, üz-üzə ünsiyyətdə olanda bu xanımın yetərincə səmimi olduğunu anlayırsan. O gün də "Mənim günahım" tamaşasına baxdım, bəyənmədim. Neyçün ki, deyilənə görə "Azdrama"nın direktoru İsrafil müəllim rejissorun işinə "barmaq eləyib", ortalıq qarışıb. Məleykə xanım da deyib ki, əşşi, imkan ver işimizi görək də, axı sən rejissor deyilsən. Nəysə, sözüm onda yox. Tamaşa da dram dərnəklərindəki analoqlarını xatırladır. Nəysə...Bu günlərdə xalq artisti ayaqları barədə qəşəng bir açıqlama verib. Bəli, düz oxudunuz, ayaqları barədə. Deyib ki, ayaqlarım əvvəl Roberto Karlosun ayaqlarına oxşayırdı, çox qalın idi. Sonra getdim masajistə, sağ olsun, masaj elədi. İndi göz dəyməsin nağara çubuqları kimi incədir. Düzdür, aktrisa, əslində, bax belə deyib:
"Əvvəl ayaqlarım dolu idi. Qısa geyinə bilmirdim. Masajla ayaqlarımı incəltdim. İndi geyimlərimi rahat geyinə bilirəm. Bədəni dolu qadınlarda qısa geyimlər dar qalır. Bu da ətrafın diqqətini ona yönəldir. Bədən incə olanda geyim də zövqlü qalır. 48 yaşım var. Bədənimdə heç bir plastik əməliyyat etdirməmişəm".
Amma mən özüm belə izah elədim ki, guya daha maraqlı olsun. Ta necə alındığını siz bilirsiniz.
Hayıf, çox hayıf. Əgər DSK Elza Seyidcahana qarşı haqsızlıq etməsəydi, noyabrın 2-dən etibarən parlamentdə çox maraqlı bir deputat görəcəkdik. Bir də gördün iclasın ortasında səs gəlir: "ha-haha, hi-haha". Bir az keçir kimsə şeir deyir: "Verdi, kim verdi? Kim kimə verdi? Nəyi verdi? Tək verdi, təki verdi". Yox bir şeş qoşa verdi. Hayıf doğrudan da. Ukrayna parlamentində həftədə iki dəfə deputatlar arasında əlbəyaxa dava olur. Maraqlıdır da, baxırsan ki, yazıqlar iş görürlər, çalışırlar. Elə davalar da çox vaxt müzakirə zamanı düşür. 2007-ci ildə Hüseyn Abdullayevlə Fəzail Ağamalının "söhbətindən" sonra bizim parlamentdə heç kim heç kimin toyuğuna kiş deməyib. Ən azı iclas zalında. Amma Elza xanım dediklərimi eləsəydi, kimsə durub deyəcəkdi ki, sakit dur. Sonra Elza xanım ona cavab verəcəkdi. Ardınca da qırğın, qiyamət, fısqırıq. Biz də yazardıq, bekar qalmazdıq da.
Amma yox, uzaq Monqolustanın tanrıları dualarımızı və qəlbimizin hıçqırıqlarını eşitdi, MSK Elza Seyidcahanın şikayətinə baxdı, E.Seyidcahanın şikayəti haqlı sayıldı və onun deputatlığa namizədliyi qeydə alındı.
E.Seyidcahan isə təşəkkürünü bildirib, kövrəlib, MSK-nın bu qərarı onun üçün vacib əhəmiyyət kəsb etdiyini deyib.
Xüləs, MSK sədri Məzahir Pənahov isə E.Seyidcahana "yaradıcılıqdan uzaqlaşmayın" deyə müraciət edib.
alq artisti Flora Kərimova o gün verilişlərdən birinə transparan geyimdə gəlib. Bilməyənlər üçün deyim ki, transparan tüldür. Yəni paltarın harası transparandırsa, bədənin görünür. Flora xanımın sənəti barədə nəsə demək nə mənim həddimdir, nə də Azərbaycan estradasında o boyda səs yoxdur. Yəni bu xanımın sənəti müzakirə oluna bilməz. Amma vallah o geyim 75 yaşlı xanım üçün deyil də...
Hər dəfə olmasa da, hərdən sizə bir lətifə yazıram ki, "Həftəbecər" maraqsız olsa da, müəllifi söyməyəsiniz. Günlərin birində Əli Mirəliyev mağazada işə düzəlir. Nadir Qafarzadə dükana girib siqaret alanda Əli müəllimi tanıyır. Kef-əhval tutandan sonra Nadir bir qutu siqaret alır. Elə ulduzluğuna salıb siqareti dükanda yandıranda Əli müəllim deyir ki, ala neyniyirsən? Nadir deyir ki, qədeş, siqaret özümündür, harda istəsəm çəkərəm. Lap elə dükanın ortasında. Əli müəllim baxır, baxır. Deyir ki, ala, yaxşı ki mən sənə aftafa zad satmamışam e, yoxsa...
Milli.Az